Dövlət Baxçalıdan gənc qızı qılıncla öldürən qatillə bağlı

Türkiyədə 28 yaşlı Başak Cengizin küçədə qılıncla amansızca qətlə yetirilməsi ölkə gündəmini zəbt edib.

Metbuat.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı hadisə ilə bağlı açıqlama verib.

D.Baxçalı bildirib ki, cinayətkarın ən ağır şəkildə cəzalandırılmasını istəyir:

“Bunu israrla istəyirəm. Bunu təqib edəcəyəm. Ümid edirəm ki, qatilin psixi cəhətdən normal olmaması bəhanələri qətli ört-basdır etməyəcək”.

Qeyd edək ki, Başak Cengiz İstanbulda noyabrın 9-u yaşadığı yaşayış kompleksinə tərəf gedərkən Can Göktuğ Boz adlı bir şəxs tərəfindən hücuma məruz qalıb.

Həmin yaşayış kompleksində yaşayan 27 yaşlı Can Göktuğ Boz samuray qılıncı ilə gənc qıza arxadan yaxınlaşaraq ona çox sayda zərbələr endirməyə başlayıb. Başak Cengiz zərbələrdən yerə yıxılsa da, Boz onu qılıncla vurmağa davam edib. Cinayətkar daha sonradan hadisə yerindən uzaqlaşsa da, qətlin təfərrüatı yaxınlıqdakı müşahidə kameralarına yansıyıb.

Bozun evində aparılan araşdırma zamanı daha 15 qılınc aşkar edilib. Həbs edilən Göktuğ Bozun sözlərinə görə, qətl törətdiyi gün əsəbi və kefsiz olub. O bildirib ki, bir qadını öldürmək daha asan olduğu üçün onu öldürməyə üstünlük verib. Ümumilikdə isə Başak Cengizi daha əvvəldən tanımadığını qeyd edib.

Göktuğ Bozun anası və vəkilinin sözlərinə görə, müvəkkili 14 yaşından bu yana psixoloji müalicə alıb və dərmanları nizamli şəkildə qəbul etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR