Azərbaycan G20 qrupunun toplantısında təmsil olunub

Azərbaycan G20 qrupunun toplantısında təmsil olunub
03:18 30 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 may, AZƏRTAC
Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində İstanbulda Enerji davamlılığı üzrə işçi qrupunun ikinci iclası keçirilib. Azərbaycanın Energetika Nazirliyinin iqtisadiyyat, elm və innovasiya şöbəsinin böyük məsləhətçisi Nərgiz Bağırlı da Azərbaycan nümayəndə heyətinin tərkibində bu toplantıda iştirak edib.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda 5 istiqamət - hamı üçün enerji, enerji səmərəliliyi, neft-qaz və neft məhsulları bazarında şəffaflıq, qeyri səmərəli mineral yanacaq subsidiyaları və bərpa olunan enerji məsələləri üzrə müzakirələr aparılıb. Dünyada enerjiyə əlçatanlıq göstərici zəif olan Afrika qitəsi ölkələri üçün enerji təminatının həlli yollarını əks etdirən fəaliyyət planı, enerjidən səmərəli istifadənin vacibliyi, səmərəsiz yanacaq subsidiyalarının ləğvi, eləcə də bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resursları ilə rəqabətə davamlılığını şərtləndirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əsas müzakirə mövzularından olan neft-qaz və neft məhsulları bazarında şəffaflığının təmin olunması məqsədilə yaradılmış Məlumat Bazası üzrə Təşkilatların Birgə Təşəbbüsünə qoşulanlardan biri məhz Azərbaycandır. Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında enerji nazirlərinin görüşü də planlaşdırılır. Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən sədrlik edir. Noyabrın 30-dək davam edəcək Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90 faizini, dünya ticarətinin 80 faizini və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_G20_qrupunun_toplantisinda_temsil_olunub-859298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR