Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazırıq"

Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının bugünkü iclaslarında bütün məsələlər və çətinliklər müzakirə olunub.

Metbuat.az xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularında plenar sessiyasında deyib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəldiyini deyən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir. Enerji böhranının tüğyan etdiyi bir vaxtda avropalı istehlakçıların enerji təminatındakı rolu ilə Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət etdiyini bir daha təsdiqlədi:

“2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub”,- deyə nazir əlavə edib.

Energetika naziri bildirib ki, dəhliz enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər:

“Bu məqsədlə istehlakçılarla müqavilələrin imzalanması, investisiyaların yatırılması və qaz hasilatının artırılması, həmçinin interkonnektorların qurulması kimi prosesləri əhatə edən yeni bir fəaliyyət mərhələsinə başlamaq aktuallaşır. Biz Avropa Komissiyası və əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxal və ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazırıq.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR