Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 milyon ABŞ dolları təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nəzərən 74,1 % çoxdur.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına görə, bu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10,4 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar AMB-nin 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı var.