"İdman sahəsində media subyektlərinə dəstək Agentlik üçün prioritet təşkil edir" - Əhməd İsmayılov

Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında keçirilən V Beynəlxalq Etnoidman Forumu martın 6-da işini davam etdirir.

Metbuat.az xəbər verir ki, forumun ikinci günündə “Etnoidman və onların effektiv həyata keçirilməsi üçün mümkün əlaqələr və media strategiyaları” mövzusunda panel iclası keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın Talim Televiziyasının istehsalat rəisi Yerlan Tazhen, Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzinin (ICSS) baş icraçı direktoru Massimiliano Montanari, Türkiyənin “gzt.com” media platformasının nəşriyyat direktoru Doğukan Gezer və Rusiya Federasiyası Tatarıstan Respublikasının idman nazirinin müavini Halel Şahuddin iştirak ediblər.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov çıxışında idman sahəsində media subyektlərinə dəstəyin Agentlik üçün prioritet təşkil etdiyini diqqətə çatdırıb, etnoidmanın kütləviliyinin artırılması və təbliği üçün strateji planların hazırlanmasının vacibliyini qeyd edib. Bildirib ki, milli strategiyaların hazırlanmasından sonra beynəlxalq səviyyədə əməkdaşlıq edərək ənənəvi və rəqəmsal media sahəsində mühüm tədbirlər həyata keçirilə bilər: “Etnoidmanın əsasən gənclər arasında yayılması vacibdir. Ənənəvi idman növlərinin gələcək nəsillərə ötürülməsi üçün gənclərə yönəlmək, onlarda bu idman növlərinə marağı artırmaq vacibdir. Etnoidman xalqların bir-birini tanıması və qarşılıqlı əlaqələrin qurulması üçün çox böyük rol oynaya bilər”.

Qazaxıstanın Talim Televiziyasının istehsalat rəisi Yerlan Tazhen ölkəsində idmanın digər növləri ilə müqayisədə etnoidmanın mediada kifayət qədər təbliğ olunmadığını bildirib. Qazaxıstanda ənənəvi oyunların milli televiziya və digər yayım qurumlarında geniş təbliğinin önəminə toxunan qonaq ölkəsində son illərdə ənənəvi oyunların yayım vaxtının min saatdan çox olduğunu diqqətə çatdırıb. O, Qazaxıstanda ənənəvi idman növləri ilə bağlı tədbirlərin daha çox kəndlərdə keçirildiyini, bu idman növlərinin gənclər arasında təşviq və təbliğ edilməsinin vacibliyini vurğulayıb.

ICSS-in baş icraçı direktoru Massimiliano Montanari çıxışında bildirib ki, ənənəvi idman növlərinin təşviqi zamanı xalqların vacib dəyərlərinin insanlara çatdırılması ilə etnoidmana maraq artırıla bilər. Texnologiyanın sürətlə inkişaf etdiyini bildirən M.Montanari gənclərin real dünya ilə yanaşı, virtual aləmə də eyni səviyyədə diqqət yetirdiklərini vurğulayıb. Ənənəvi idman növlərinin tanıdılması üçün virtual oyunların və platformaların əhəmiyyətini yüksək qiymətləndirən M.Montanari etnoidmanın təşviqi baxımından bu vasitələrdən istifadənin böyük perspektivlər vəd etdiyini deyib.

Türkiyənin “gzt.com” media platformasının nəşriyyat direktoru Doğukan Gezer deyib ki, etnoidmanın tanıdılmasında medianın rolunu xüsusi qeyd edib. Mediadan düzgün istifadə edərək etnoidmana marağı artırmağın önəmli olduğunu vurğulayan Doğukan Gezer ənənəvi idman növlərinin yeni media platformalarında beynəlxalq miqyasda təşviqinin daha böyük nailiyyətlərin əldə olunmasına şərait yaradacağını deyib: “Etnoidman Türk dünyasında çox böyük maraq qazanıb. Burada böyük potensial var. Bizim ənənəvi mətbuatdan aldığımız mesaj odur ki, artıq televiziya və radio təşviq işləri üçün yetərli deyil. Düşünürəm ki, ənənəvi idman növlərinin təşviqi üçün yeni medianın imkanlarından istifadə etməliyik”.

Tatarıstan Respublikasının idman nazirinin müavini Halel Şahuddin çıxışında ölkəsində ənənəvi idman növlərinin inkişaf etməkdə olduğunu vurğulayaraq bildirib. “Etnoidman növlərinin inkişafı və təbliği üçün müvafiq infrastruktur yaradılmalıdır. Bu cür tədbirlərlə etnoidmanı təşviq etməliyik. Çalışmalıyıq ki gənclərin diqqətini bu işə cəlb edək. Biz ənənəvi idman növlərinin təşviqinə gənclərdən, şagirdlərdən başlayırıq. Onları idmanın bu növləri ilə məşğul olmağa cəlb edirik. Uşaqlara ənənəvi idman növlərinin tanıdılmasını məktəb və uşaq bağçalarından başlasaq, bu idman növlərini qoruyub saxlaya bilərik”, - deyə H.Şahuddin diqqətə çatdırıb.

Panel iclasından sonra Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatlarının təqdim olunması mərasimi keçiriləcək. Yekun çıxışlardan sonra Forum işini başa çatdıracaq. Forum iştirakçılarının Azərbaycan Respublikası Atçılıq Konfederasiyasının komandasının çövkən oyununu izləmələri də nəzərdə tutulur.

Xatırladaq ki, V Beynəlxalq Etnoidman Forumunun birinci günündə - martın 5-də açılış mərasimindən sonra yüksək səviyyəli nazirlərin “Etnoidman beynəlxalq tərəfdaşlığın qurulması və genişləndirilməsi üçün vasitə kimi” mövzusunda panel iclası keçirilib. Daha sonra forum iştirakçıları birgə bəyanat qəbul ediblər. Forumun birinci günündə “Etnoidmanda maliyyə vəsaitlərinin toplanması üçün sponsorların və tərəfdaşların cəlb edilməsi yolları”, “Etnoidman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması” və “Kütləvi və sosial mediada etnoidmanın daha çox işıqlandırılması üçün tövsiyələr” mövzularında sessiyalar keçirilib, Dünya Etnoidman Konfederasiyası üzvlərinin dördüncü iclası və etnoidman komitələrinin toplantısı baş tutub.

Qeyd edək ki, V Dünya Etnoidman Forumunda etnoidman idman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması, eləcə də etnoidmanın təbliği məsələləri müzakirə olunacaq. Belə bir tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq.

V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulu ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki, dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman oyununun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması böyük uğurlarımızdandır.

Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman və oyunlar çərçivəsində keçirilən festivalda müxtəlif ölkələr öz mədəni və idman tədbirlərini nümayiş etdirmək imkanı qazanırlar.

Konfederasiyanın dəstəyi ilə Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib. Bu festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR