“Moskva”nın vurulması Ukraynanın uğuru, Rusiyanın isə biabır olmasıdır -

Ukraynanın vurduğu Rusiyaya məxsus "Moskva" gəmisi batıb.

Metbuat.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, "Moskva" raket kreyserinin atəşə tutulması nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib, ekipaj tamamilə təxliyə edilib. Məlumatı Odessa qubernatoru Maksim Marçenko da təsdiq edib. Hadisə ilə bağlı Ukrayna Prezidentinin köməkçisi Aleksey Arestoviç qeyd edib ki, 510 əsgərin olduğu gəmidə fırtına səbəbindən yanğınsöndürmə işləri çətinləşib.

Baş verənlərlə bağlı politoloq Turab Rzayev deyir ki, Rusiya Qara Dəniz donanmasının flaqmanının itirilməsi həm donanma adına, həm də dünya dövləti olmağı iddia edən Rusiya adına biabırçılıqdır.

"Ukrayna "Moskva"nı batırmaq üçün çox da əziyyət çəkməli olmadı. Başlanğıcda "Bayraktar -TB2" RLS sistemini məhv edir, daha sonra gəminin gövdəsinə 2 ədəd gəmi əleyhinə "Neptun" raketi buraxılıb. Gəminin bortu 64 ədəd S-300F Fort zenit raketi, 4 "Osa" ZRK, 36 zenit artilleriyası, 16 gəmi əleyhinə raket, 2 sualtı qayıq əleyhinə raket sistemi və bir döyüş helikopteri ilə təchiz olunmuşdu. Ümumiyyətlə "Moskva" gəmisinin vurulması Ukrayna ordusu üçün böyük mənəvi, psixoloji və hərbi uğurdur".

Qeyd edək ki, gəmi güclü raket əleyhinə müdafiə sistemi - RLS ilə təchiz edilmiş "Fort" HHM sistemi və 6 AK- 630 artilleriya qurğuları ilə müdafiə olunurdu.

Baş verənləri şərh edən politoloq Şahin Cəfərli vurğuladı ki, gəminin faktiki olaraq sıradan çıxması çox böyük hadisədir.

"Bu Rusiya üçün böyük hərbi itki, daha önəmlisi isə ciddi prestij itkisidir. Çünki "Moskva" Rusiyanın Qara dəniz donanmasının flaqmanı - rus donanmasının qüruru idi. Adının simvolik önəmi də ki, xüsusi məna daşıyır. Üç günə Kiyevi tutub, orada parad keçirmək, Ukrayna milli dövlətçiliyini ortadan qaldırmaq niyyəti və lovğalığı ilə savaşa başlayan Rusiyanın düşdüyü durum acınacaqlıdır" deyə siyasi ekspert bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR