"Rusiya sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" -

"Rusiya tərəfi elan edib ki, artıq ATƏT-in Minsk Qrupu olmayacaq amma Rusiyanın Qarabağ danışıqları üzrə xüsusi nümayindəsi təyin olunacaq. Bu açıqlamadan belə qənaətə gəlmək olar ki, Rusiya yenidən məsələnin həllinə mane olmağa çalışır".

Metbuat.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. Rusiya tərəfinin açıqlamasının Azərbaycan və Ermənistan liderlərinin sülh danışıqlarına başlamaları üçün razılıq əldə olunduğu bir vaxtda edilməsini sülh prosesini ləngitməkdən ibarət olduğunu qeyd edən politoloqun sözlərinə görə, artıq hər iki tərəf arasında birbaşa razılıq əldə olunubsa, üçüncü tərəfə ehtiyac yoxdur.

"Rusiya tərəfi onu da yaxşı başa düşür ki, tərəflər arasında sülh müqaviləsi olarsa, onun "sülhməramlıları" Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir. Ona görə də belə narahatlıqları büruzə verməkdədir. Buradan onu da anlamaq olur ki, ATƏT-in 28 illik "fəaliyyəti"ndə də Rusiyanın danılmaz zəhməti olub. Artıq bölgədə reallıqlar dəyişib və Azərbaycan-Ermənistan arasında birbaşa əlaqə qurulub. Bundan sonrakı mərhələdə də ikili formatı davam etməsinə inam çoxdur" deyə Samir Hümbətov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR