Arxeoloqlar Buğurt qalasında tədqiqat aparır -

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyası bir aya yaxındır ki, Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı Buğurt qalasında tədqiqat işləri aparır.

AMEA-dan Metbuat.az-a verilən xəbərə görə, qalada arxeoloji araşdırmalar 2019-cu ildən başlayıb. Tədqiqatlar nəticəsində XIV-XV əsrlərə aid inzibati bina qalıqları aşkara çıxarılıb. Yonulmuş qaya daşları və bişmiş kərpicdən inşa edilən binanın günbəzi Səfəvi hökmdarı I Təhmasibin 1538-ci ildə Buğurt qalasına hücumu zamanı top və mancanaqlardan atılan mərmilər nəticəsində dağıdılıb.

Hazırda qazıntı işləri binanın cənub-şərq hissəsində, kompleksə daxil olan böyük binanın ərazisində davam etdirilir. Bu günlərdə institut əməkdaşlarının bir qrupu aparılan arxeoloji tədqiqatlarla yaxından tanış olmaq üçün qalada olublar. Yaxın zamanlarda Şamaxı arxeoloji ekspedisiyası Şirvanşahların digər iqamətgahı olan Gülüstan qalasında da arxeoloji tədqiqat işlərini bərpa edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR