Respondentlərin 76,9%-i Prezidentin şəhid ailələrinə və qazilərə qayğısından çox razıdır - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı sosioloji sorğu keçirib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Sosioloji sorğu əsasında öyrənilən vətəndaş rəyi aşağıdakı kimidir:

Prezidentin müxtəlif istiqamətlərdə ictimai-siyasi fəaliyyətinə münasibətlə bağlı bütün istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3% çox yaxşı, 10,5% əsasən yaxşı), 2) xarici siyasət (84,8% çox yaxşı, 13,8% əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1% çox yaxşı, 14,5% əsasən yaxşı) strateji fəaliyyəti qərarlaşıb.

Hesabat dövründə Prezidentin xarici ölkələrə səfərləri üzrə respondentlərin ən çox məlumatlı olduğu (92,2%) 10 mart 2022-ci il tarixində Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü, müqayisə etibarilə nisbətən az məlumatlı olduğu (82,9%) 06 aprel 2022-ci il tarixində etdiyi Brüssel səfəri və Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə üçtərəfli görüşü olub. Prezidentin Türkiyəyə səfəri və R.T.Ərdoğanla görüşünü respondentlərin 81,6%-i çox əhəmiyyətli, 9,3%-i əsasən əhəmiyyətli kimi qiymətləndirib.

Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8%-i tərəfindən çox yaxşı, 28,5%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Respondentlərin 3,1%-i əsasən pis, 3,6%-i çox pis cavablarını qeyd edib. Mövqe bildirməkdə çətinlik çəkənlər 1,0% təşkil edib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9%-i çox razı, 17,2%-i əsasən razı olduğunu bildirib. 2,5% respondent əsasən razı olmadığını, 2,7% respondent heç razı olmadığını qeyd edib. 0,7% respondent bu barədə mövqe bildirməyib.

Prezidentin əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini respondentlərin 68,3%-i çox yaxşı, 24,9%-i əsasən yaxşı kimi qiymətləndirib. Rəyi öyrənilənlərin 2,5%-i əsasən pis, 3,1%-i çox pis cavablarını qeyd edib. 1,3% mövqe bildirməkdə çətinlik çəkib.

Prezident tərəfindən aparılan kadr islahatları respondentlərin 57,2%-i tərəfindən çox yaxşı, 30,3%-i tərəfindən əsasən yaxşı kimi dəyərləndirilib. Respondentlərin 3,3%-i əsasən pis, 4,9%-i çox pis mövqeyini bölüşüb. 4,3% cavab verməkdə çətinlik çəkib.

Prezidentin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8%-i tərəfindən çox yaxşı, 26,7%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Respondentlərin 3,7%-i əsasən pis, 6,2%-i çox pis cavabını qeyd edib. 2,6% respondent rəy bildirməyib. O cümlədən, cari il ərzində dövlət başçısı tərəfindən təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mümkün nəticələri kimi 51,1%-i korrupsiyaya qarşı mübarizədə şəffaflığı artıracağı, 40,8%-i göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcəyi, 26,6%-i korrupsiya hallarına qarşı ictimai nəzarəti və vətəndaş cəmiyyəti institutlarının rolunu artıracağı, 21,4%-i idarəetmə mexanizmlərini, 18,2%-i qanunverici bazanı təkmilləşdirəcəyi, 6,2%-i heç bir təsiri olmayacağı variantlarını qeyd edib. Ümumilikdə sorğu iştirakçılarının 23,4%-i sözügedən Milli Fəaliyyət Planı haqqında məlumatsız olduğunu bildirib.

Prezidentin ölkədə ictimai-siyasi sabitlik istiqamətində fəaliyyəti respondentlərin 75,0%-i tərəfindən çox yaxşı, 22,4%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Rəyi öyrənilənlərin 0,6%-i əsasən pis, 1,2%-i çox pis mövqeyini bölüşüb. 0,8% respondent bu barədə mövqe bildirməyib.

Prezidentin qeyri-neft sektorunun inkişafı sahəsində fəaliyyətini respondentlərin 65,9%-i çox yaxşı, 25,8%-i əsasən yaxşı kimi qiymətləndirib. Rəyi öyrənilənlərin 2,0%-i bu istiqamətdə fəaliyyəti əsasən pis, 2,5%-i çox pis kimi qiymətləndirib. Respondentlərin 3,8%-i cavab verməkdə çətinlik çəkib.

Azərbaycanın karbohidrogen ehtiyatlarından asılılığı azaldaraq bərpa olunan enerji resurslarına yönəlməsini respondentlərin 53,7%-i çox yaxşı, 21,3%-i isə əsasən yaxşı qiymətləndirib. 22,5% respondent bu sahədə görülən işlərdən məlumatsız olduğunu bildirib. O cümlədən, Prezidentin daima diqqət mərkəzində saxladığı məsələlərdən biri kimi işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasını, Qarabağın yaşıl enerji zonasına çevrilməsini respondentlərin mütləq əksəriyyəti yüksək qiymətləndirib (88,2% çox yaxşı, 7,5% əsasən yaxşı). Respondentlərin 3,3%-i bu barədə məlumatlı olmadığını bildirib.

Mövcud geosiyasi zəmində xüsusən aktual olan əhalinin ərzaq təhlükəsizliyi və keyfiyyətli ərzaqla təminatı sahəsində dövlət başçısının fəaliyyəti respondentlərin 59,8%-i tərəfindən çox yaxşı, 30,1%-i tərəfindən əsasən yaxşı qiymətləndirilib. Rəyi öyrənilənlərin cəmi 3,5%-i bu istiqamətdə fəaliyyəti əsasən pis, 5,6%-i çox pis kimi bəyan edib. Sorğu iştirakçılarının 1,0%-i mövqe bildirməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR