Avropa çempionatının medalçıları Bakıya qayıdıblar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmış qızlardan ibarət güləş yığmamız Bakıya qayıdıb.

Metbuat.az xəbər verir ki, 66 xalla komanda hesabında 5-ci yeri tutan millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançılar və yığma üzvlərinin yaxınları qarşılayıb.

Qarşılanma mərasimində böyük məşqçi Həsrət Məmmədyarov hazırlıqla bağlı yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini bildirib: “Federasiya rəhbərliyindən çox razıyıq. Komandanın hazırlığı ilə bağlı hər bir şərait yaradılıb. Görüşlər əla keçdi. Biz istədiyimizə nail ola bildik. Əlbəttə, daha çox medal qazana bilərdik. Qızlarımızdan birinin ilk görüşdə qolu əzildi. Çalışacağıq ki, dünya çempionatında bundan da yaxşı nəticə göstərək. komandamızın üzvlərinin gələcək perspektivləri çox yaxşıdır. Bir az da yaxşı hazırlaşsaq, daha yüksək nəticələr əldə edə biləcəyik”.

Avropa çempionu Ruzanna Məmmədova (49 kq) qarşıdakı yarışlarda yaxşı çıxış etmək üçün öz üzərlərində daha səylə çalışacaqlarını bildirib: “Dünya çempionatına az qalıb. İnşallah, həmin yarışa daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr əldə edəcəyik. Son 1 ayda Mariya Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək etdi. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona minnətdarlığımı bildirirəm”.

Avropa çempionatının gümüş mükafatçısı Elvina Kərimzadə (43 kq) və bürünc medalın sahibi Aysel Məmmədzadə (46 kq) də qarşıda onları daha ciddi sınağın – dünya çempionatının gözlədiyini bildiriblər. Qeyd edilib ki, güləşçilər bu mötəbər yarışda parlaq nəticələr əldə etmək və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq üçün ciddi səy göstərəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR