Media Reyestrinin nə vaxt fəaliyyətə başlaması nəzərdə tutulur?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Yeni Azərbaycan qəzetinə açıqlama verən Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, Media Reyestrinin yaradılması normativ hüquqi bazanın və texniki təminatın formalaşdırılması olmaqla iki istiqamətdə həyata keçilir: “Normativ hüquqi bazanın yaradılması ilə əlaqədar olaraq bildiririk ki, Agentlik tərəfindən Media Reyestrinin aparılması qaydalarının layihəsi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Media Reyestrinin texniki təminatının formalaşdırılmasına münasibətdə isə qeyd etmək istərdik ki, müvafiq Fərmana uyğun olaraq Media Reyestrinin texniki və proqram təminatının formalaşdırılması istiqamətində tədbirlər görülməkdədir”.

“Media subyektlərinin inkişafı üçün nə kimi güzəştlər nəzərdə tutulur?” sualına cavab olaraq MEDİA Agentliyinin nümayəndəsi deyib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və medianın inkişafına təminat yaradılması istiqamətində tədbirlərin görülməsi MEDİA Agentliyinin əsas vəzifələrindədir: “Hər birimizə məlumdur ki, bir neçə ay əvvəl Azərbaycanda kütləvi informasiya məhsullarının, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Bununla da, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına şərait yaradıldı”. Bundan əlavə, P.İbrahimova söyləyib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə onlara müəyyən müddət ərzində vergi tətillərinin tətbiqini nəzərdə tutan ilkin layihə təqdim edilib və hazırda aidiyyəti dövlət orqanları ilə müzakirə mərhələsindədir. “Media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü kimi “Media haqqında” Qanunda da media subyektlərinə münasibətdə müəyyən güzəşt və imtiyazların tətbiqi nəzərdə tutulub”, - deyə o qeyd edib.