"Rusiya itirir, Ukrayna isə məhv olur" -

"Qərb ilə Rusiya arasındakı Ukrayna döyüşünü III Dünya yox, I Avropa müharibəsi kimi dəyərləndirmək olar".

Bunu Metbuat.az-a politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, geosiyasi zəlzələ effekti yaradan Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi ilə əlaqədar konkret proqnoz vermək - dəqiq vaxt söyləmək olmaz. Çünki bu savaş nəzarətdən çıxmış hərbi-siyasi qarşıdurmadır və müharibənin bitməsi tərəflərin hər hansı birinin istəyindən asılı deyil:

"Ümumilikdə, Şərqi Avropadakı müharibə Qərb ilə Moskva arasında geosiyasi qarşıdurmanın hərbi fazası kimi səciyyələndirilir. Konfrantasiyanı “III Dünya müharibəsi” adlandıranlar da var. Doğrudur, müharibə Şərqi Avropada getsə də, iki ölkənin qarşıdurması deyil, bütün Avropanın təhlükəsizliyi, suverenliyi məsələsi kimi dəyərləndirilir. Ona görə də Qərb ilə Rusiya arasındakı Ukrayna döyüşünü III Dünya yox, I Avropa müharibəsi kimi dəyərləndirmək olar. Çünki Rusiyaya qarşı mübarizəyə "Avropanın - avropalıların savaşı" kimi yanaşılır və Avropa iki Dünya müharibəsində və heç vaxt belə birlik - həmrəylik nümayiş etdirməyib. Necə adlandırılmasından asılı olmayaraq, bu müharibə regional miqyaslı, qlobal xarakterlidir".

Makrondan destruktiv mövqe ! - “O, Fransanın maraqlarına zərbə vurur”

Nurlan Qələndərli

Politoloqun fikrincə, bu gün Şərqi Avropa müharibəsində Vaşinqton fəal qüvvədir: "Prezident Cozef Bayden Birləşmiş Ştatların mövqeyini açıq-aşkar ifadə edir: "Rusiya zəiflədiləcək, bu ölkənin iqtisadiyyatı ilk 20-liyə daxil ola bilməyəcək". Bu isə ABŞ-ın mərkəzində dayanacağı yeni beynəlxalq nizamda Rusiyanın zəif halqaya çevrilməsi məqsədindən xəbər verir. Şərqi Avropadakı savaşın qalibi müharibə tərəflərinin (hərb meydanında qarşı-qarşıya gələnlərin) heç biri olmayacaq. Rusiya itirir, Ukrayna isə məhv olur. Qələbə isə I və II Dünya müharibələrində olduğu kimi şansı fürsətə çevirən və prosesi istədiyi kimi idarə edən ABŞ-a nəsib olmaqdadır. Necə deyərlər, ikitərəfli mübarizənin qazancı üçüncü tərəfə çatacaq. ABŞ Şərqi Avropadakı müharibə vasitəsilə müttəfiqi Avropanı və düşməni Rusiyanı zəiflətməyə, Çini isə uzunmüddətli “soyuq müharibə”yə cəlb edərək iqtisadi və siyasi taqətdən salmağa çalışır. Məqsəd iki Dünya müharibəsində olduğu kimidir - ABŞ-ı XXII əsrə də alternativsiz güc mərkəzi kimi daşımaq və Çinin də mərkəzində dayanacağı çoxqütblü dünya nizamının yaranmasının qarşısını almaq",- deyə N.Qələndərli əlavə edib.

Nurlan Qələndərli qeyd etdi ki, II Cahan savaşında hərbi əməliyyatların əhatə etdiyi ərazi I Dünya müharibəsində olduğundan 5,5 dəfə çox, müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları idi: "I Avropa müharibəsinin maddi təfərrüatları hələ məlum olmasa da, hər halda, yekun qiyməti riyaziyyatçılar, hesabdarlar və ya maliyyəçilər deyil, tarix və tarixçilər, siyasət və siyasətçilər verəcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR