ABŞ prezidenti Cozef Bayden Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. “The Washington Post” dərgisi bu səfəri Vaşinqtonun Moskva və Pekinə qarşı siyasəti kimi qiymətləndirib. Qəzetdə yayımlanan məqalədə Ağ Evin keçmiş illərdə olduğu kimi Səudiyyə Ərəbistan ilə əməkdaşlığı gücləndiməkdə marağı var. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda bir çox ölkənin Səudiyyə Ərəbistanı neftinə ehtiyacı artıb. Bunu ABŞ prezidenti Cozef Bayden də çıxışlarında gizlətmir.

Cozef Bayden Səudiyyə Ərəbistanına səfəri qərarını yaxın ətrafında birmənalı qarşılanmadığını etiraf edib. Ancaq Bayden strateji baxımdan bu səfərin əhəmiyyətli olduğu qənaətindədir. Baydendən əvvəl Səudiyyə Ərəbistanına prezidentin Yaxın Şərq üzrə müşaviri Brett Makqrek gedib. O prezidentin səfər proqramını hazırlamaq məqsədilə Ər-Riyadda görüşlər keçirib.

Politoloq Elxan Şahinoğlu deyir ki, Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri yalnız onun yaxın ətrafında deyil, ABŞ-ın bütün siyasi spektrində və ölkə ictimaiyyətində ciddi suallar doğuracaq.

“Səudiyyə Ərəbistanın rejiminin müxalif jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda 2018-ci ildə qətl qərarı hələ yaddaşlardadır. Səudiyyə Ərəbistanı vətəndaşı olan Camal Qaşıqçı ölümündən bir neçə il əvvəl ABŞ-a köçmüş, “The Washington Post” dərgisində məqalələr yayımlayır, məqalələrində Səudiyyə Ərəbistanında kral hakimiyyətinin siyasətini tənqid edirdi. Ona görə də Camal Qaşıqçının qətli Amerikada da qəzəb doğurmuşdu. Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina etmədi. Səudiyyə Ərəbistanı Cozef Bayden administrasiyası üçün də vacib ölkədir. Administrasiyada düşünürlər ki, Amerika Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı aşağı səviyyəyə endirərsə, bundan onun rəqibləri Moskva və Pekin istifadə edəcəklər. Həqiqətən son illər Rusiya və Çinin Səudiyyə Ərəbistanı ilə siyasi və iqtisadi təmasları artıb. Ər-Riyad bu əlaqələrdən istifadə edərək Vaşinqtonu Səudiyyə Ərəbistanı ilə münasibətlərdə daha fəal olmağa sövq edir. Misal üçün 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Çin arasında saziş imzalanıb. Həmin sazişə görə Səudiyyə Ərəbistanı Çinə neftin nəqlini artırmalıdır”.

Elxan Şahinoğlu qeyd etdi ki, Pekin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə Çindəki yataqlarda neft çalışmalarına başlamaq imkanı yaradıb. Bunlar Vaşinqtonu narahat etməyə bilməz. Ona görə də Ağ Ev sahibi Səudiyyə Ərəbistanına iki günlük səfərə ehtiyac duyub. Ekspert ABŞ dövlət katibi Entoni Blinkenin Çinə qarşı olan növbəti həmləsinə aydınlıq gətirərək vurğuladı ki, görünür Blinken Kremlin Pekinin arxasında süründüyünə eyham vurub.

“Blinken “böyük iyirmilərin” xarici işlər nazirlərinin İndoneziyadakı toplantısından sonra Pekini bu sözlərlə tənqid edib: “Çin bəyan edib ki, Ukrayna məsələsində neytral mövqedədir. Ancaq işğal varsa, necə neytral qalmaq olar? Çin neytral deyil, BMT-dəki səsvermələrdə hər zaman Rusiyanın mövqeyini dəstəkləyir, bu siyasət indi də davam edir”. Halbuki, Entoni Blinken bu açıqlamadan əvvəl çinli həmkarı Van Yi ilə 5 saatlıq danışıqlar aparmışdı. Demək, danışıqlar nəticə verməyib ki, Blinken bu formada açıqlamalar verib”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanı kralı və onu müşayiət edən şəxslərlə danışıqlar aparacaq. Əsas müzakirə mövzularından biri iki ölkənin hava hücumundan müdafiə sistemlərinin inteqrasiyasının mümkünlüyü olacaq. “Reuters” bildirir ki, bu məsələ ABŞ tərəfindən İran təhlükəsi qarşısında regional liderlərlə müzakirə olunur. Prezident Bayden İsrail və İordan çayının qərb sahilinə səfərindən dərhal sonra Səudiyyə Ərəbistanına gedəcək.

Gülbəniz Hüseynli / Metbuat.az