Ərzaq böhranı qapıdadır:

Ərzaq böhranı artıq qapımızdadır. BMT taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib. Bir tərəfdən pandemiya, digər tərəfdə müharibənin yaratdığı vəziyyət 2023-cü ildə dünya ölkələri üçün fəlakətə çevrilə bilər.

Bəs ölkəmizdə vəziyyət nə yerdədir? Böhran zamanında idxaldan asılılığı azalda bilərikmi?

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli Metbuat.az-a bildirib ki, idxalı tam sıfıra endirmək doğru yol deyil. Əsas torpaqların məhsuldarlığına diqqət yetirməkdir:

"Dünyada son 2 ildə baş verən pandemiya, dünya mərkəzi banklarının həyata keçirdiyi yumşaq pul-kredit siyasəti öz-özünə ərzaq məhsullarının qiymətinin artmasına səbəb oldu. Ardınca isə Rusiya-Ukrayna arasında gözlənilməz müharibənin başlanması qiymətlərin ciddi şəkildə yüksəlməsinə səbəb olub.

Son dövrlər isə mövsümlə əlaqədar olaraq qidanın qiymətlərində müsbət – azalma müşahidə edilir. Məsələn, buğdanın qiyməti 3 ay bundan əvvəllə müqayisədə aşağı düşüb.

Azərbaycana gəlincə, biz ildə təxminən 1,3 milyon ton buğda idxal edirik. Bu, əsasən ərzaqlıq buğdadır və idxal prosesi Rusiyadan baş tutur. Azərbaycanda idxalı tam sıfıra endirmək yolu əlverişli deyil və ya vacib deyil. Əsas idxalın bir hissəsinin daxili imkanlar hesabına əvəz edilməsidir.

Ölkəmizdə isə hazırda torpaqların məhsuldarlığını artırmaq, aqrotexniki qaydaların, suvarma sistemlərinin gətirilməsi kimi müasir yanaşmlarla tədbir görmək olar. Yəni əgər məhsuldarlığı artırmaq mümkün olsa, bu, idxalın azalmasına gətirib çıxaracaq. Lakin bütün ərazilərdə taxıl əkilərək idxalı azaltmaq, fikrimcə, düzgün üsul deyil. Məhsuldarlığın artırılmasına, ərzaq buğdasının standartlarına cavab verən məhsulun becərilməsinə üstünlük verilməlidir".

Cəfər İbrahimli

Ekspert bildirib ki, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla artıq germerlər məhsul subsidiyası da alacaqlar:

"Bu fərmanla artıq ərzaqlıq buğda yetişdirən fermerlər məhsul subsidiyası alacaqlar, bundan əvvəl ancaq torpaq subsidiyası alırdılar. Bu da ərzaqlıq buğdanın yetişdirilməsinin stimullaşdırılması üçün görülən tədbirdir".

Kənd Təsərrüfatı Nazirliyindən saytımıza bildirildi ki, bu il 1 milyon hektara yaxın ərazidə taxıl - həm arpa, həm buğda əkilib:

"Biçin prosesi artıq bitmək üzrədir. Yalnız yüksək dağlıq ərazilərdə biçin avqust ayında başa çatır. Buna səbəb də hava şəraitir. Yaxın günlərdə biçin tam başa çatdıqdan sonra məhsuldarlıq göstəriciləri məlum olacaq", - deyə məlumatda qeyd edilib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR