"İntihar xəbərlərinin bəh-bəhlə təqdim olunmasına ehtiyac yoxdur" -

Son illərdə ölkədə intihar hadisələrinin sayı artır. Kütləvi informasiya vasitələrində də bu xəbərlər geniş işıqlandırılır. İstər media nümayəndələri, istərsə də oxucu, izləyici, dinləyicilər bu kimi hadisələrin artmasında medianın da rolunun böyük olduğunu qeyd edir.

Bəs, görəsən, həqiətən də medianın intiharların sayının artmasında bir rolu varmı?

Media eksperti, teletənqidçi Qulu Məhərrəmli Metbuat.az-a açıqlamasında bildirdi ki, intiharların sayının artması media ilə bağlı deyil:

"Cəmiyyətdə intiharların sayının artmasında medianın, xüsusən də, televiziyaların rolu varmı sualı təkcə ölkəmizdə deyil, Avropa ölkələrində də müzakirə edilir. Əlbəttə ki, intiharların sayının artması birbaşa media ilə bağlı deyil. İntiharların çox ciddi sosial, fərdi, psixoloji motivləri olur, bir çoxları ailə-məişət, sosial ehtiyaclar və s. səbəbindən baş verir. Media isə o zaman bu məsələdə mənfi rol oynayır ki, televiziya, qəzet, xəbər saytlarında intihar xəbərləri geniş yer tutur.

Buna ehtiyac varmı? Xeyr, yoxdur. Ümumiyətlə, intiharla bağlı xəbərləri işıqlandırarkən diqqət etməliyik ki, həmin xəbərin ictimai motivi olmasın. 8,9-cu sinif şagirdlərinin intiharla bağlı xəbərlərini bəh-bəhlə təqdim olunmasına heç bir ciddi əsas və ya tələbat yoxdur. Bəzən kriminal xəbərlərinin sayı hədsiz dərəcədə çox olur. Diqqət etməliyik ki, həm kriminal xəbərlər az olsun, həm də intihar xəbərlərinin verilmə tərzi diqqətlə nəzərdən keçirilsin".

Ekspert bildirir ki, intihar xəbərlərinin duyğusal, cazibədar formada təqdim edilməsi düzgün deyil. Burada ekspert rəyləri də önəmlidir:

"Təəssüf ki, bəzən intihar xəbərləri o qədər detallı, cazibədar, duyğusal şəkildə təqdim olunur ki, bu, iradəsi zəif olan, intiharı düşünən insanlarda bir stimul yaradır. Ona görə də biz bunu mütləq nəzərə almalıyıq.

İntiharın azalması üçün birinci növbədə sosial şərtlər lazımdır. Amma burada medianın rolu da ondan ibarətdir ki, həm ekspert fikirləri, həm də din xadimlərinin fikirlərinin mətbuatda yer almasına şərait yaratsınlar. Biz sosial motivləri olmayan intiharların mediada yer almasının əleyhinə olmalıyıq. Sayt rəhbərləri, televiziya prodüserləri, radio rəhbərləri bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Bəlli şərtlər var ki, kriminal hadisələrinin işıqlandırılmasında gözlənilməlidir.

Bu, birinci hadisənin ictimai mahiyyətdə olmasıdır. İkinci, ailə-məişət zəminində olan hadisələrin məhdudlaşdırılması, üçüncüsü isə fərdi, subyektiv, psixoloji hadisələrlə bağlı olan intihar hallarıdır. Son olaraq, insanların şərəf-ləyaqətini alçalda biləcək intihar xəbərlərinin mediaya verilməsi məqbul deyil. Həmkarlar peşəkarlıq cəhətdən bunları mütləq nəzərə almalıdırlar. İntihara meyilli insanlar çox həssas olurlar və xəbərləri çox emosional qəbul edirlər. Bütün bunları etsək, o zaman media intiharlarda ittiham edilməz".


Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR