Azərbaycanlı futbolçu bu hərəkəti ilə dünya mediasında gündəm oldu -

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar” – “Qəbələ” oyununda (4:1) Asif Məmmədovun etdiyi hərəkət dünya idman mediasının gündəminə çevirilib.

Xatırladaq ki, oyunun 33-cü dəqiqəsində qəbələlilərin müdafiəçisi İlkin Qırtımov hava mübarizəsində zədələnərək huşunu itirib. Həkim personalının həddindən artıq ləng müdaxiləsi Qırtımovun həyatını itirməsi ilə nəticələnə bilərdi. Amma bu yerdə komanda yoldaşının dadına “Qəbələ”nin kapitanı Asif Məmmədov çatıb. O, dili qatlanan futbolçunun xilası üçün dərhal müdaxilə edib.

Sports.az xəbər verir ki, dünyanın ən tanınmış idman qəzetlərindən La Gazzetta dello Sport “Məmmədov Kyaer rolunda” başlıqlı yazısında məhz Asif Məmmədovun vaxtında etdiyi bu hərəkətin İlkin Qırtımovu ölümdən qurtardığını vurğulayıb. İtaliya nəşri Asifin anında müdaxiləsi olmasa, gecikmiş həkimlərin İlkini heç cür xilas edə bilməyəcəyini yazıb.

Dünyanın digər məşhur qəzeti Marca da Asif Məmmmədovu manşetə çıxarıb.
“Konfrans Liqasında faciə: Məmmədov Kyaer libasında” başlıqlı yazıda İspaniya nəşri də kapitanın həssaslığının və operativliyinin komanda yoldaşını xilas etdiyini vurğulayıb:
“Komanda yoldaşının yerdə huşsuz vəziyyətdə qaldığını və nəfəs ala bilmədiyini görən Asif Məmmədov dərhal müdaxilə etdi. O, Qırtımovun dilini çıxartmaq üçün əlindən gələni əsirgəmədi və hirslə tibbi personalı meydana çağırdı. Həkimlər gələnə qədər Məmmədov, komanda yoldaşının çənəsini buraxmır və son Avropa çempionatında Kyaerin Erikssen üçün etdiklərini təkrarlayırdı. Nəticədə, kapitan Məmmədov komanda yoldaşı Qırtımovu ölümdən qutardı”.

Kubadan Avstraliyaya demək olar bütün ölkələrin mediasında işıqlandırılan hadisə haqda “Milan” futbol klubunun qəzeti Gazzetta Rossonera da yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR