[ 01 İyun 2015 14:48 ]



Bakı-APA. Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanıb.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə EİF-in icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti TÜBİTAK-da olub. Mərasimdə TÜBİTAK rəhbərliyi və rəsmiləri, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Vasif Əliyev də iştirak edib.

Sazişin imzalanmasından öncə EİF və TÜBİTAK haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik vurğulanıb. EİF-in icraçı direktoru Elçin Babayev Azərbaycanda elm, təhsil, mədəniyyət, idman və incəsənətin inkişafına dövlət qayğısından söhbət açıb, prezident İlham Əliyevin elmə göstərdiyi xüsusi qayğını konkret faktlarla qeyd edib.

Sazişə əsasən, tərəflər milli iqtisadiyyatın inkişafında elm və texnologiyanın əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi və texnoloji əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm və texnologiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.

Tərəflər Avropa Birliyinin Çərçivə Proqramlarında və tədqiqat, inkişaf və innovasiya üzrə digər beynəlxalq əməkdaşlıq proqramlarında iştirak çərçivəsində də əməkdaşlıq edəcəklər. Əməkdaşlığın səmərəli icrası üçün birgə komitə yaradılacaq. İlk birgə qrant müsabiqəsinin bu ilin sonunadək elan olunması barədə razılıq da əldə olunub.

Səfər çərçivəsində EİF nümayəndə heyəti TÜBİTAK-ın nüfuzlu qurumlarından biri olan Kosmos Texnologiyaları Araşdırma İnstitutunda (TÜBİTAK UZAY) da olub. Tərəflər birgə elmi tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.

Regionun ən nüfuzlu və böyük universitetlərindən biri olan Orta Şərq Texniki Universitetində (Orta Doğu Teknik Universitesi - ODTÜ) keçirilən görüşdə isə prorektor professor Volkan Atalay universitet haqqında məlumat verib, hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub, universitet kampusu və Elm və Texnologiya Muzeyi ilə tanışlıq baş tutub.

Hər iki görüşdə qeyd olunub ki, Elmin İnkişafı Fondu Azərbaycan üçün elmi kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirir və məsələnin həllində TÜBİTAK və ODTÜ-nün zəngin təcrübəsindən bəhrələnmək planlaşdırılır.

Azərbaycan nümayəndə heyəti 28 May Respublika Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda da iştirak edib.