İnfeksionistdən XƏBƏRDARLIQ:

"Əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil".

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır:

"Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır ki aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır".

İnfeksionist bildirib ki, payızda virusa yoluxmanın artması istisna deyil:

"Hətta bir neçə ay bundan əvvəl qeyd etmişdik ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR