Milli Məclisdə təmsil olunan bu partiyaların rəsmi saytı yoxdur -

Siyasi partiyaların fəaliyyətinin geniş auditoriyaya çatdırılmasında onların veb saytlarının xüsusi rolu var. Sosial media hesabları ilə yanaşı, rəsmi veb sayt vətəndaşların partiyanın fəaliyyəti ilə bağlı informasiyaların əldə etməsində mühüm əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda 58 siyasi partiya nazirlik tərəfindən dövlət qeydiyyatına alınıb. Məclisdə təmsil olunan partiyaların sayı isə 11-dir.

Redaksiyamız Milli Məclisdə təmsil olunan partiyaların veb saytlarının fəaliyyəti ilə bağlı kiçik araşdırma aparıb. İlk olaraq deputat Fəzail Ağamalının “Ana Vətən Partiyası”ndan başladıq. Sayta daxil olub xəbər oxumaq istəsək də, səhifəyə keçid mümkün olmadı.

"Böyük Quruluş Partiyası"nın sədri deputat Fazil Mustafadır. Partiyanın rəsmi saytı fəaliyyət göstərmir.

"Demokratik İslahatlar Partiyası" (DİP) 2005-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun sədri deputat Asim Mollazadədir. Partiyanın fəaliyyətini əks etdirən sayta isə keçid mümkün olmadı.

"Vəhdət Partiyası" – Bu partiyanın qurucusu və sədri deputat Tahir Kərimlidir. Partiyanın rəsmi saytı yoxdur.

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası" millət vəkili Qüdrət Həsənquliyevə məxsusdur. Partiyanın saytı mövcud deyil. Lakin mətbuat orqanı “Xalq cəbhəsidir”.

Deputat Musayev Elşənə məxsus olan "Azərbaycan Demokratik Maarifçilik Partiyası"nın və ya qısaca ADMP-nin də saytına da rast gəlmədik.

"Vətəndaş Birliyi Partiyası" isə deputat Sabir Hacıyevə məxsudur. Bu partiyanın da fəaliyyəti ilə bağlı nəinki rəsmi sayta, heç partiyanın loqosuna rast gələ bilmədik.

"Respublikaçı Alternativ Partiyası" və ya qısaca REAL partiyasının sədri İlqar Məmmədovdur. Bu partiyanın rəsmi saytı olsa da, sonuncu xəbər cari ilin aprel ayına məxsusdur.

Loqonun şəkli

"Yeni Azərbaycan Partiyası", “Vətəndaş Həmrəyliyi Partiyası", "Milli Cəbhə Partiyası"nın isə aktiv saytları var.

Xatırladaq ki, siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqındaAzərbaycan Respublikasının Qanunununun 17 maddəsinə uyğun olaraq dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir. Ümumilikdə dövlət qeydiyyatına alınmış siyasi partiyalar maliyyə hesabatların MSK-ya təqdim edirlər.

Həmçinin cari ildə Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanır. Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.

Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.

Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri bildirilib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR