Hanoy, 1 iyun, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Making Dreams Come True” Könüllülər Təşkilatı ilə birgə xeyriyyə aksiyası keçirib.
Səfirliyin əməkdaşları paytaxt Hanoy şəhərindəki “Benh Vien” milli onkologiya xəstəxanasında müalicə alan uşaqlarla və onların ailə üzvləri ilə görüşüblər. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onları təbrik edən səfirlik əməkdaşları 1-16 yaşlı 100 uşağa müxtəlif hədiyyələr təqdim ediblər.
Xeyriyyə aksiyası konsert proqramı ilə davam edib. Tədbir zamanı çıxış edən “Benh Vien” xəstəxanasının direktor müavini Tran Van Thuan Azərbaycan səfirliyinə təşəkkürünü bildirib. Onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar çəkdikləri rəsmləri səfirliyə xatirə olaraq təqdim ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy




