"Yayılan görüntülərə medianın münasibət bildirməsi normaldır" -

Bir neçə gündür ölkə mediası və ictimaiyyətin gündəmini Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında qeydə alınan qeyri-etik görüntülər zəbt edib.

Cəmiyyətin yüksək səviyyəli qurumlarında bu kimi hadisələrin baş verməsi heç də birmənalı qarşılanmır. Xüsusən də, məsələdə qadınların istismarı faktları da var. Qeyd olunan hadisənin yayılması ildırım sürəti ilə baş verdi. Ardınca isə Prokurorluq FHN-də baş verənləri nəzarətə götürərək araşdırmalara başladı. Sosial şəbəkələrdə bu hadisənin yayılmasında günahkar sayılacaq əsas hədəf yenə media oldu. Cəmiyyətdə bir qrup kütlə düşünür ki, ölkədə bu hadisələrin tirajlanmasında birbaşa medianın rolu var.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı Metbuat.az-a açıqlama verib. Ekspert deyir ki, bəzi şəxslərin çıxışlarında bu məsələ yanlış şərh olunur.

"RİA Novosti"nin Azərbaycanda bloklanması beynəlxalq prinsiplərə uyğundur -

“Əksəriyyət deyir ki, media bu məsələyə münasibət bildirməməli idi. Çünki bu hal şəxsi həyatın pozulması kimi təsnif olunur. Mən burada olan bəzi incə məqamlara aydınlıq gətirmək istəyirəm. Əlbəttə, bu məsələ, baş vermiş hadisə hər hansı bir şəxsi həyat məsələsi hüquqların pozulması ilə müşayiət olunmamalıdır. Düzdür, şəxsi həyat toxunulmazdır, amma indiki halda baş verən hadisələr şəxsi həyat kontekstindən çıxır. Baş vermiş hadisədə iştirak edən hər iki tərəf qanunları pozurlar. Çünki onlar özlərinin şəxsi istəklərini, maraqlarını, dövlət müəssisəsində gerçəkləşdirirlər. Hər bir dövlət idarəsi sırf vətəndaşlara xidmət və müəyyən inzibati işləri həyata keçirmək üçün nəzərdə tutulmuşdur. Belə bir yerdən şəxsi məqsədlər üçün istifadə oluna bilməz. Hazırkı vəziyyətdə aralarında şəxsi münasibətlərini gerçəkləşdirən şəxslər qanunları pozduqlarına görə bu məsələ artıq “şəxsi həyatdır, yayımlana bilməz” anlamından çıxır. Bu baxımdan medianın məsələyə münasibət bildirməsi, faktı pisləməsini normal bir haldır”.

Media cəmiyyətə və dövlətə ən yaxın yollardan biridir. Hadisələr baş verdikdən qısa zaman sonra məhz media olaylara işıq tutub çıxış yolları axtarır. Media həm də hadisənin necəliyindən asılı olmayaraq qərəzsiz olmağı, doğrunu göstərməyi bacarmalıdır. Elə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevin həmkar xanım yoldaşları ilə arasında olan “həvəs oyunu”nun görüntüləri mediadan daha tez sosial şəbəkələr vasitəsi ilə yayıldı. Material əldə olunan anda onun süzgəcdən keçirilmə prosesi əsnasında bir çox məşhur xəbər saytları rəsmi mövqeni gözləməyi seçdilər. Yəni bu dəfə medianı hədəf seçmək, jurnalistləri günahlandırmaq doğru sayılmazdı. Elə müsahibimiz Müşfiq Ələsgərli də bu fikri təsdiq edərək deyir ki, qanun pozuntusu sayılan bu məsələdə media dövlət qurumunun bu cür əxlaqsız bir məsələ üçün istifadə olunmasına mütləq rəy bildirməlidir. Ekspert hesab edir ki, medianın bu kimi hadisələrdə həmin dövlət qurumuna aşağıdan yuxarı cavabdeh olan şəxslərin hər birinin haqqında hüquqi məsuliyyət götürməsinə çağırması da normal bir haldır.

Hər hadisədə gözdən qaçan kiçik detallar olur. Bəs media bu məsələdə hansı kiçik məqamlara diqqət yetirməliydi?

“Məsələ ondadır ki, həmin hadisənin detallarını videogörüntü şəkildə yaymaq olmaz. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən videogörüntülərin açıq şəkildə yayılması qanunlara ziddir. Bu həm də media etikasına da ziddir. Digər tərəfdən hadisədə iştirak etmiş şəxsin qohumları və çevrəsinin hisslərini nəzərə alaraq onların üzləşəcəkləri situasiyaları da nəzərə almaq lazımdır. Digər tərəfdən, yəni hadisənin detallarının video şəkildə çəkilməsi və göstərməsi əlavə bir qanun pozuntusudur. Hadisələrin mərkəzində videogörüntüləri çəkərək qanun pozuntusunu törədən adıçəkilən şəxs durur. O bu videoları münasibətdə olduğu qadınlara xəbər vermədən, onların razılığını almadan həyata keçirib. İkinci qanun pozuntusu isə şəxsin özü bu videonu sosial şəbəkələr vasitəsi ilə yayımlayaraq qeyri-etik hərəkət edib.

Bu baş verənləri isə media hər məqamı detallarla göstərməyib, ümumi hadisə barədə məlumat verməli, informativ şəkildə işıqlandırmalı idi. Bir daha qeyd etmək istərdim ki, burada şəxsi həyatın pozulması kimi bir məsələ yoxdur. Çünki şəxsi həyat adı altında həyata keçirilən akt özü qanunların pozulması ilə müşayiət olunur ki, bu da yolverilməzdir. Ona görə medianın bu məsələyə münasibət bildirməsi normaldır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR