Bu gün bütün ölkələrdə ərzaq məhsullarında qiymət artımı müşahidə edilməkdədir. Ekspertlər baş verənlərin izahını dünyada baş verən inflyasiya prosesləri ilə əlaqələndirirlər. Azərbaycanda da inflyasiya həm daxili, həm də xarici faktorlarla əlaqəli olub, bahalaşma daha çox ərzaq məhsulları üzrə qeydə alınır. Maraqlı məqam ondadır ki, bir neçə ayın statistik göstəricilərinə nəzər saldıqda yerli bazarda daha çox mövsümə uyğun kənd təsərrüfatı məhsullarında qiymət artımının olduğunu görə bilərik.
Dünyada və ölkədə baş verən hazırki iqtisadi prosesləri dəyərləndirmək üçün Metbuat.az tanınmış iqtisadçı-ekspert Elman Sadıqovdan müsahibə alıb. Həmin müsahibənin birinci hissəsini təqdim edirik:
Elman Sadıqov
- Statistika komitəsinin avqust ayına olan hesabatında ölkədə bahalaşmanın əsasən ilkin ərzaq məhsulları, həmçinin kənd təsərrüfatı məhsullarında olduğunu gördük. Hətta mövsümə uyğun meyvə tərəvəzin də qiymətində artım var idi. Yerli bazarda yerli məhsulların qiymətinin belə baha olmasına səbəb nədir?
Müxtəlif sahələrdə qiymət artımlarının səbəbləri müxtəlif ola bilər. Konkret yerli ərzaq məhsullarında bu səbəb birbaşa məhsulun maya dəyərinə təsir edən amillərlə bağlıdır. Bunlar gübrə, zərərvericilərə və alaq otlarına qarşı istifadə olunan dərmanların qiymətlərində artımdır. Bəzi rayonlarda su çatışmazlıqları nəticəsində suvarmanın maliyyətinin artımıdır. Bir də qiymətə birbaşa olmayıb dolayı yolla təsir edən səbəblər var. Məhsulu yetişdirən fermerdir. Məhsul yetişdirmək həm zəhmət tələb edən, həm də riskli bir işdir. İdxal olunan və ya istehsal olunan (lakin ölkə daxilində fermerin yetişdirmədiyi) ərzaq, tikinti materialları və digər qiymətlər artır. Fermer həm də bu məhsulların istehlakçısıdır. Yəni, yetişdirdiyi pomidor, xiyar, kartof, soğanı sataraq çay, şəkər, yağ, tikinti materialları alan bir istehlakçıdır. O yetişdirdiyi məhsulu elə qiymətə satmalıdır ki, həm məhsulun yetişməsi üçün çəkdiyi xərcləri ödəyə bilsin, həm də özünə lazım olan digər məhsulları ala bilsin. Bunu edə bilməsə zərər edəcək və növbəti il məhsul yetişdirməkdən çəkinəcək. Önəmli məsələ isə budur ki, ölkəmizdə fermerlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarında nisbətən artım olmuşsa da, bu artım digər sahələrdəki artımlar qədər deyil. Bahalığın səbəbi də ölkədə yetişdirilən kənd təsərrüfatı məhsulları deyil, idxal olunan gübrə və dərmanların qiymət artımları, dünyada ərzaq qiymətlərinin artımı və bir də ölkə daxilində xidmət sektoru oldu.

- Yəqin, xidmət sektoru dedikdə ictimai iaşə obyektlərini və turizmi nəzərdə tutursunuz. Yeri gəlmişkən, ölkəmizdə yerli turizm pandemiyadan sonra dirçəlməyə çalışsa da problemlər mövcuddur. Xüsusən qiymətlərin daha baha olmasından şikayətlənənlər var. Yaxın dövlətlərin turizm imkanları ilə müqayisədə uduzduğumuz məqamlar hansıdır? Nə üçün turiztlərə xidmət göstərən obyektlər yay mövsümündə daha zəif xidmətlə maksimum qazanc əldə etməyə çalışırlar?
Geniş mövzudur. Əvvəla təəssüf ki, bir çox xidmət nöqtələrini (istirahət mərkəzləri, kafe, restoran) sahibkarın özü deyil, onun oraya təyin etdiyi qeyri-peşəkar şəxs idarə edir. Həmin şəxsdə də sahibkarlıq yanaşması, uzunmüddətli strateji düşüncə yoxdur. O şəxslər bu günü düşünür. Hətta təəssüf ki, obyektləri özləri çalışdıran bir çox sahibkarlarımızda da bu problemlər mövcuddur. Sahibkarlarımız digər ölkələrdəki sahibkarların təcrübələrini öyrənmirlər, təlimlərdə iştirak etmirlər, öz üzərlərində çalışmırlar. Biz ticarətdə alver, istehsalda sex, xidmət sektorunda isə sovet dövründəki mağaza və restoran səviyyəsini aşmaqda çətinlik çəkirik. Biz həm sahibkar, həm cəmiyyət olaraq turizmin həm ölkə iqtisadiyyatı, həm də turizm üçün imkanların mövcud olduğu rayon, kənd üçün hansı əhəmiyyət daşıdığını, turizmdən maksimum necə faydalanmağı (maksimum faydalanmaq dedikdə turistin cibinə girib layiqli xidmət göstərmədən onu soymağı nəzərdə tutmuram) və digər vacib nüansları tam olaraq mənimsəyə bilməmişik. Bu il hər birimizin şahidi olduğu sadə misallara nəzər salaq. Rayonlarda restoranlarda çoban salatının bir porsunun qiyməti 4-6 manat arasında dəyişirdi. Səbəbini soruşduqda qiymətlər qalxıb deyirlər. Pomidor maksimum 1 manat, xiyar 70 qəpik. Cəmi maksimum 200-250 qram olan bir pors salat üçün 4-6 manat sadəcə soyğunçuluqdur. Kababın bir porsunun qiyməti restoranlardan asılı olaraq 1-3 manat artırılıb. Səbəb kimi ətin qiymətinin artması göstərilir. Ətin 1 kiloqramının qiyməti 1 manat artıb. Kababın bir porsu 100 qram deyil, hətta 200 qram olsa belə, 1 manat artım 20 qəpik təsir göstərir. Olsun 30 qəpik, 50 qəpik. Ətin qiymətinin 1 manat artmasından istifadə edən restoran 1 kq ətdən kababda əlavə minimum 5-10 manat pul qazanmağa çalışır və qazanır. Bu kimi hərəkətlər inflyasiyanı sürətləndirən subyektiv amillərdir. Bu hərəkətlər sahibkarlığı imici, strateji inkişafı deyil, bu günü düşünən, dövriyyə və davamlılığın fəlsəfəsini anlamayıb əsas məqsədin sadəcə bu gün, bu ay, bu mövsümdə olan qazanc olduğunu düşünən “sahibkarlar”ı və ya həmin obyektləri idarə edən “idarəçilər”i növbəti illərdə çətin vəziyyətə salacaq. Məsələn, növbəti ildə sərhədlər açıldıqda şikayətlənməyə başlayacağıq ki, ölkədə istirahət etmək istəyən azdır, hamı xaricə (Gürcüstana, Türkiyəyə) gedir. Amma bunu özümüz etdik, 2022-ci ildə yaranan şansdan istifadə edib yerli turizmi cəlbedici edə bilmədik deməyəcəyik, təqsiri yenə başqasında axtaracağıq. Fikirlərimin aydın olması üçün hamımızın şahidi olduğumuz sadə misalları qeyd etdim. Ölkədə biznesin inkişafına və inflyasiyanın sürətlənməsinə təsir edən mürəkkəb mexanizmlər var. İnflyasiya özü iqtisadiyyatın öyrənilməsinə hələ çox ehtiyac olan mürəkkəb sahələrindən biridir. İnflyasiyaya baxışımız tələb/təklif nəticəsində qiymətlərin dəyişməsi kimi bəsit bir səviyyədə qalmışdır. İnflyasiyanı şərtləndirən müxtəlif yaranma səbəbləri olur, onu tətikləyən digər səbəblər meydana çıxır, sürətləndirən tamam başqa səbəblər ola bilir. Başqa bir nüans. Biz dərindən düşündük ki, nə üçün məsələn Yaponiyada iyul ayına olan məlumatalara görə illik inflyasiya 2.6%, Çində 2.7%, Avropa Birliyində 9.8%, ABŞ-da 8.5%, Argentinada 69.5%, Türkiyədə 79.6%-dir? Bunlar hələ rəsmi rəqəmlərdir!

- Dövlətin biznesə müdaxiləsi liberal iqtisadiyyatda nə dərəcədə doğrudur? İş adamları buna etiraz etməzlər?
Söhbət qiymətlərə təsir etmək imkanında olan böyük iş adamlarından gedir?
- Bəli.
Əvvəla, bəzi terminlərdən həmin terminlərin mahiyyətini dərindən düşünmədən istifadə edirik. Liberal iqtisadiyyatın formalaşmasında ən böyük rolu azad ticarət oynayır. Gömrük rüsumları, ticarət kvotaları ölkələri istər-istəməz proteksionist siyasət yürütməyə vadar edir. Bunların olduğu yerdə isə azad ticarət, azad ticarətin olmadığı yerdə liberal iqtisadiyyat olmur. Biz bu gün liberal iqtisadiyyatı dünyanın barmaqla sayıla biləcək bir neçə kiçik ölkəsində, xüsusilə azad ticarət zonalarında görə bilirik. Liberal iqtisadiyyat geniş və dərin məfhumdur. İkincisi, dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrində iri holdinqlərin, korporasiyaların yaranmasında dövlətin birbaşa və dolayı dəstəyi olmuşdur. Ən azı dövlət həmin korporasiyanın inkişafına şərait yaratmışdır. Məsələn, 100 Bill Gates olsa da Kenyada Microsoft yarada bilməzdi. Yaponiyanın, Cənubi Koreyanın bu gün dünyaca məşhur markaları məhz dövlətin birbaşa maliyyə və siyasi dəstəkləri ilə inkişaf etmişlər. Xüsusilə Cənubi Koreyada "Hyundai", "Samsung" və digər markalar. Bu holdinqlər öz qiymət və ixrac siyasətlərində dövlətin maraqlarını həmişə qoruyurlar. Hər bir ölkədə böyük şirkətlərin rəhbərləri dövlətin onlara nə qədər dəstək olduğunu hamıdan gözəl bilirlər. Bu səbəbdən dövlət yaşıl işıq yandırdığı biznes subyektlərinə dövlətçiliyin və xalqın mənafeyi naminə sarı işıq yandırdıqda anlayışla qarşılanır. İri biznes subyektləri bəzən ən doğru qərarı qəbul etmir. Çünki onlar çox iri olduqları üçün onları bazar deyil, onlar bazarı tənzimləyirlər və bu məsələ bəzən onların öz mənafelərini önə çıxaracaq subyektiv qərarların da meydana çıxmasına səbəb olur. Bu məqamda dövlət sarı işıq yandırır. Vaxtında yandırılmayan sarı işıq sonradan ya qəzaya, ya da məcburi yandırılacaq qırmızı işığa çevrilir. 2008-ci ildə ABŞ hökuməti nə üçün bir sıra iri şirkətləri xilas etdi, lakin "Lehman Brothers" kimi böyük bir şirkəti xilas etmədi? Dərin kökləri və səbəbləri var. Üçüncü vacib məsələ. Biz müdaxilə və tənzimləmə arasındakı fərqləri də bəzən tam olaraq görə bilmirik. Sözlər arasındakı fərqi nəzərdə tutmuram. Dövlət və özəl sektor münasibətlərini nəzərdə tuturam. Bu məsələ bəzi hallarda dövlətin özü, bəzi hallarda sahibkarlar, bir çox hallarda isə cəmiyyət və hətta təəssüf ki, bəzi iqtisadçılar tərəfindən də bir-birinə qarışdırılır. İqtisadi inkişaf üçün bu çox önəmli bir nüansdır.
- Qiymətlərin bahalaşmasına səbəb rəqabətliliyin az olması, bazarda yeni sahibkarların olmaması da göstərilə bilərmi? Azad bazar iqtisadiyyatının üstünlüyü nədən ibarətdir?Bəs hansı halda dövlət bazara müdaxilə edə bilər?
Səbəblər çoxdur. Qeyd etdiyiniz rəqabət məsələsi də çox önəmli faktordur. Taksi xidmətinə baxın. Son 5 ildə qiymətlərin artım dinamikası ilə taksi xidmətindəki qiymətlərin əksinə, düşmə dinamikasına baxın. Qiymətlər düşüb, amma buna baxmayaraq bu sahədə kifayət qədər insan xidmət göstərir, zərərlə də işləmir.

- Önəmli məqama toxundunuz. Adətən bəzi iqtisadçılar da ölkədə bahalaşma dalğasından danışarkən onu İEÖ-lərlə müqayisə edirlər. Deyirlər ki, Almaniya, Şotlandiya, İngiltərə və s. bu kimi ölkələrlə müqayisə etdikdə, bəli, Azərbaycanda qiymətlər nisbətən ucuzdur. Ölkədəki bahalaşmanın dünyada baş verən inflyasiya amilləri ilə əlaqələndirilməsi nə dərəcədə düzgündür?
Bu elə bir sualdır ki, cavabı geniş izah tələb edir. Azərbaycandakı qiymətlərin Almaniya, Şotlandiya, İngiltərə və s. bu kimi ölkələrlə birtərəfli müqayisəsi qüsurludur, yolverilməzdir. Əgər müqayisə ediriksə bu müqayisə hərtərəfli geniş və dərin müqayisə olmalıdır ki, obyektiv olsun. Bu müqayisə həm də yanlış rəy və fikirlər də formalaşdırar.
Bu gün qlobal iqtisadiyyatda yeganə məqbul iqtisadiyyat forması bazar iqtisadiyyatıdır. Burada azad sözü isə nisbidir. Heç bir ölkə sərhədlərini tam açıb, sıfır gömrük rüsumları tətbiq edərək mən azad bazar iqtisadiyyatındayam, liberal iqtisadiyyatın bütün tələblərinə riayət edirəm demir, deyə bilməz. Ölkə idxal mallarının rəqabətinə davam gətirə bilməz. Dediklərim daha çox xarici ticarətlə bağlıdır. Daxili bazarda isə sərbəst, azad mühit olmalıdır. Bazara giriş hamı üçün bərabər olmalıdır ki, nəticədə qiymətləri diktə edəcək yeganə subyekt bazarın özü olsun. Dövlətin rolu isə burada elə tənzimləmə həyata keçirməkdir ki, bazarın qanunlarını, tələblərini pozmağa imkan verməsin, bazar mexanizmini qırmaq, korlamaq mümkün olmasın. Yəni, dövlət sistemin, mexanizmin, sadə dillə desək mühərrikin işləməsinə nəzarət edir, hərdən həmin mühərrikə yağ əlavə edir, hərdən yağını dəyişir, hərdən dəstək verir (subsidiya, dəstək paketləri, vergi güzəştləri və sair şəklində). Nəticədə, mexanizm öz-özünü sürətləndirmə, inkişaf tempinə daxil olur. Bu halda da dövlət monetar, fiskal, proteksionist siyasətləri ilə tənzimləyici rolunu oynamaqda davam edir. Bu saydıqlarım tənzimləmələr idi. Müdaxilə isə 2 cürdür. Birincisi, az öncə qeyd etdiyim kimi, xüsusilə iri biznes subyektlərinə xəbərdarlıq tipli (monopoliya meylləri, məsələn, iri sahibkarların qiymətlərlə manipulyasiyası ABŞ daxil olmaqla bütün inkişaf etmiş və etməkdə olan ölkələrdə cinayətdir və həbs cəzaları tətbiq edilir) müdaxilədir, ikincisi isə dəstəkləyici müdaxilədir. Məsələn, 2008-ci ildə 100 milyardlarla dollar 0 faizli kreditlər, dəstək paketləri iri şirkətlərə verildi ki, böhrandan çıxa bilsinlər və iflas etməsinlər. Dövlət birbaşa maliyyə, avtomobil və digər sektorlara müdaxilə edərək sektoru və ayrı-ayrı şirkətləri xilas etdi. Bu müdaxilələr olmasa, heç bir biznes və iqtisadiyyat inkişaf edə, davam gətirə bilməz. Bir daha təkrar olaraq vurğulamaq istərdim ki, müdaxilə və tənzimləmə arasındakı incə və dərin fərqləri görməliyik, bu iki məsələni bir-birinə qarışdırmaq ciddi mənfi fəsadlar verə bilər...
Ardı var...
Azərbaycanda inflyasiyanın xarakterik cəhətləri, növü, gömrük siyasətinin iqtisadiyyatda və inflyasiyada rolu, bəzi yerli sahibkarların qiymət siyasətlərində səhvləri, yanlış yanaşma tərzləri, monetar siyasətin qiymətlərə təsiri kimi suallara cavablar isə müsahibənin ikinci hissəsində..
Gülbəniz Hüseynli / Metbuat.az