“Dünən axşam Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verənlər vəziyyətin artıq dözülməz olduğunu, Ermənistanın sülh prosesindən uzaqlaşdığına, prosesdə maraqlı olan digər tərəflərin Azərbaycana qarşı baş verən təxribat hallarında səssiz qalmaq istədiyini aydın şəkildə göstərmiş oldu”.

Bu fikirləri Metbuat.az-a politoloq, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov deyib. Müsahibimiz bildirdi ki, Ermənistanın Azərbaycana qarşı tutduğu düşmən mövqe bir daha onu sübut etdi ki, Ermənistan və ona dəstək verən qüvvələr regionda sülhün olmasını istəmirlər.

Paşinyan sülh müqaviləsi imzalamaqdan qaçır:

Samir Hümbətov - Politoloq

“Ermənistan tərəfinin gah sülh danışıqlarına tezliklə başlamaqla bağlı verdiyi açıqlamalar, gah da mütəmadi şəkildə təxribat hallarını artırması dünyanı çaşdırmaq niyyətlərindən xəbər verir. Ortada real sülh müqaviləsi olmasa, keçrilmiş görüşlər nəticəsində əldə edilmiş razılıqlar icra edilməsə, Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistana dəfələrlə sülh çağrışları etməsinə baxmayaraq Ermənistanın tutduğu təcavüzkar siyasət bundan sonra da davam edə bilər. Şübhə yoxdur ki, dünyanın ən peşəkar ordularından biri halını almış Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını alır və bundan sonra da bu tendensiya davam edəcək”.

Sonuncu təxribat zamanı düşmənin hərbi hissəsinin, iki S-300 raket kompleksinin sıradan çıxarılmasını xatırladan S.Hümbətov söylədi ki, bu kimi hallar Azərbaycan Silahlı Qüvvələrinin gücünü ortaya qoymuş olur.

“Bu hərbi toqquşmaların nəticəsi olaraq, hesab edirəm ki, Ermənistan tezliklə Azərbaycanın şərtlərini qəbul edib sülh danışıqlarına başlamalıdır. Ümumiyyətlə, maraqlı güclər regionda sülhün təmin olunmasına nail olmalı, Azərbaycanın sülh çağrışları təşəbbüslərinə dərhal dəstək verilməlidir. Sözügedən halların həyata keçirilməsi regionda sülhün təmin edilməsi baxımında önəmli əhəmiyyət daşıyır”.

Politoloq Məhəmməd Əsədullazadə məsələyə münasibət bildirən zaman qeyd etdi ki, Ermənistan Baş naziri siyasi iradə göstərib, sülh müqaviləsinin bağlayıb, Brüsseldə əldə olunmuş razılaşmaların icrasını həyata keçirərək, xüsusilə "status" məsələsini qabartmaq fikirlərindən əl çəkərsə, dövlət sərhəddində atəşkəs bərpa oluna bilər.

Paşinyan sülh müqaviləsi imzalamaqdan qaçır:

Məhəmməd Əsədullazadə - Politoloq

“Ermənistan sülh müqaviləsi bağlamayacaqsa, Azərbaycanın dövlət sərhəddində Kəlbəcərdə mülki infrasturukturu qorumaq üçün bufer zona yaratması labüddür. Ermənistan ordusu dövlət sərhəddindən 15 km geri atılmalıdır. Həmçinin Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması üçün əməliyyatlar mütləqdir”.

Ekspert son günlər ABŞ dövlət departamentinin Azərbaycan əleyhinə səsləndirdiyi bəyanat barədə danışaraq qeyd etdi ki, ABŞ dövlət departamenti Amerika Erməni Assambleyasının mövqeyini öz dövlət mövqeyi kimi açıqlayıb. Rusiyanın mövqeyi ilə bağlı fikirlərə şərh verən Məhəmməd Əsədullazadə deyir ki, Moskva Ukraynada işğal etdiyi ərazilərdən çıxarılır və ordusu darmadağı edildiyi üçün Ermənistan-Azərbaycan məsələsinə ciddi yanaşmır.

“Rusiyanın geosiyasi mövqeyi zəifləməyi Azərbaycanın Ermənistana ciddi təzyiqlərinin artması ilə nəticələnir. Avropa İttifaqı Azərbaycanın mövqeyinin dəstəkləyir. Qərbdən Azərbaycana elə bir ciddi təzyiq yoxdur”,- deyə M.Əsədullazadə fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az