İlham Əliyevin Laçına səfəri mühüm əhəmiyyət kəsb edir -

Yola salacağımız həftənin mühüm siyasi hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərinə səfəri oldu. Ölkə başçısı Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması mərasimindəki çıxışı zamanı olduqca mühüm mesajlar verdi.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, cənab Prezidentin Laçına səfəri hazırkı vəziyyətdə mühüm əhəmiyyət kəsb edir.

İlyas Hüseynov

“Bildiyiniz kimi, 12 sentyabr tarixindən başlayaraq qısamüddətli dövr ərzində Ermənistan Azərbaycanla dövlət sərhədində hərbi təxribatlar törətdi və eskalasiya meydana gəldi. Buna cavab olaraq Azərbaycan tərəfi düşmənin legitim hərbi hədəflərini və atəş nöqtələrini məhv edərək, sıradan çıxardaraq ordumuzun gücünün, qüdrətinin və döyüş qabiliyyətinin yüksək olmasını bir daha nümayiş etdirdi. Ordumuz sübut etdi ki, Azərbaycan sərhədləri etibarlı şəkildə mühafizə olunur. Baş verənlərin fonunda Ermənistan tərəfi hərbi təxribatlarla bir sıra məqsədlərə nail olmağa çalışırdı. Ermənistan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını regiona cəlb etməyə, BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı qərəzli qətnamənin qəbul olunmasına və dünya birliyini ölkəmizə qarşı çevirməyə cəhd göstərdi. Lakin onlar öz istəyinə nə hərbi planda, nə də siyasi müstəvidə nail ola bilmədilər”.

İlyas Hüseyov xatırlatdı ki, cənab Prezident Laçına səfəri zamanı Laçın şəhəri Zabux və Sus kəndlərinin yenidən qurulması üçün dövlət büdcəsindən vəsaitin ayrılması barədə fərman imzaladı. Bu da onu deməyə əsas verir ki, biz əsaslı və köklü şəkildə regionun bərpasına həyata keçiririk. Laçın da bu yenidənqurma işlərində əsas yer alır. Müsahibimiz vurğuladı ki, sərhəd infrastrukturuna çox ciddi fikir verilməlidir, çünki, yeni mövqelər Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Laçın səfərində

“Bu gün biz Murov yüksəkliklərindən tutmuş Araz çayına qədər çox mühim geostrateji mövqelərə malikik. Bu mövqelər bizim təhlükəsizliyimizin və sabitliyin əsas qarantı kimi nəzərdən keçirilir. Düşünürəm ki, Laçın səfəri də, hazırkı vəziyyətdə çox böyük aktuallıq kəsb edirdi. Digər tərəfdən cənab Prezident bütün işğaldan azad olunmuş ərazilərə böyük diqqətlə və qayğı ilə yanaşır. Biz Ordumuzun daha da gücləndirilməsinə, təkmilləşdirilməsinə xüsusi diqqət ayırmalıyıq. Çünki düşmən hər zaman təxribatlar törədə bilər və onlar bu istiqamətdə də fəaliyyət göstərirlər. Hərbi təhlükəsizlik nöqteyi nəzərdən bizim gücümüzün artırılması ilə yanaşı, diplomatik resursların da səfərbər olunmasına ehtiyac vardır. Biz regionda sülhün və təhlükəsizliyin qorunmasının tərəfdarıyıq. Ermənistan öz üzərinə götürdüyü siyasi öhdəlikləri yerinə yetirməlidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sərnişinlərin və yüklərin maneəsiz hərəkəti təmin olunmalıdır. Zəngəzur dəhlizi bu kontekstdə region dövlətlərinin də maraqları ilə üst-üstə düşür. Hesab edirəm ki, sərhədlərin delimitasiyası işi də çox sürətləndirilməlidir. Ümumiyyətlə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh müqaviləsinin imzalamaq üçün masa arxasına keçməlidir”.

44 günlük Vətən müharibəsindən sonra rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin başlanmasını barədə danışan siyasi şərhçi Turan Rzayev bildirdi ki, mayın 23-də Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar. Lakin həmin komissiya bu günə qədər istənilən səviyyədə iş görə bilmədi. Buna səbəb də birbaşa Ermənistandır.


“Rəsmi İrəvan vaxtaşırı etdiyi təxribatlar və diversiya hücumları nəticəsində komissiyanın işinə açıq şəkildə mane olur. Nəticə etibarilə bu gün Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi, nə də sərhədlərin demarkasiya və delimitasiyasına dair bir sənəd yoxdur. İki ölkə arasında dövlət sərhədləri qeyri-müəyyən qalırsa, tərəflərdən heç biri digərini sərhəd pozmaqda ittiham edə bilməz. Xüsusilə də Ermənistan. Yeri gəlmişkən, Prezident də bu məsələ ilə bağlı bir daha qeyd etdi ki, “Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası”. Prezidentin çıxışının bir digər diqqətçəkən məqamı isə “Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”. Ölkə başçısının bu ifadəsi əslində Ermənistana qarşı "bal və balta" xəbərdarlığıdır.

Turan Rzayev deyir ki, Prezident açıqca qeyd edir ki, biz sərhədlərin delimitasiya və demarkasiyasına dair işlərin yenidən başlanmasına razıyıq. Bu məsələnin bal tərəfidir. “Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir” ifadələri isə balta mahiyyəti daşıyır. Yəni bizim əlimizdə bir yox, bir neçə tarixi xəritə var.

Laçınlılar bu tarixdə yurdlarına qayıdacaqlar -

Prezident İlham Əliyev: "Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər".

“Ermənistan konstruktiv olmayacağı təqdirdə rəsmi Bakı tarixi xəritələr əsasında ərazi iddialarını genişləndirə bilər. Misal üçün, Prezidentin qeyd etdiyi XX əsrə xəritələrdən birində Cənubi Qafqaz ölkələrinin dövlət sərhədləri açıq-aşkar göstərilib. Hətta həmin xəritədə Göyçə gölü iki ölkə arasında tam şəkildə bölünüb. Prezident bununla bir daha Ermənistandan konstruktiv davranıb danışıqlara qayıtmasını, əks təqdirdə əməliyyatların davam edəcəyi, hətta Ermənistanın təsəvvür edə bilməyəcəyi həddə çatacağı mesajını verir”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də Prezidentin Laçına səfəri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, işğalçı ölkə Ermənistanın Laçın ərazisində qanunsuz məskunlaşdırma aparmasına baxmayaraq, rayonun və şəhərin infrastrukturunun, yaşayış yerlərinin dağıdılması saxta tarixdən, mif və əfsanələrdən qaynaqlanan nifrət və kin üzərində qurulan erməni vandalizminin sərhəd tanımadığını nümayiş etdirir.


Elçin Mirzəbəyli

“Bu həm də ideoloji nağıllarla zəhərlənən erməni toplumunun dağıdıcı təfəkkürə sahib olduğunun bariz nümunəsidir. Sivil, mədəni, gerçək tarixi olan heç bir xalq başqalarının qurduqlarını dağıtmır, insan əməyinə hörmətlə yanaşır. Qanunsuz olsa da, özünün yaşadığı ərazini dağıdan bir toplumla, düşünürəm ki, bəşəriyyət tarixin heç bir dönəmində qarşılaşmayıb. Bu, qəribə təfəkkürüdür və görünür, erməni cəmiyyətinin Azərbaycan torpaqlarının işğalında iştirak edən və işğala dəstək verən hissəsi hələ də ibtidai icma təfəkküründən digər mərhələlərə, hətta ilkin feodal dünyagörüşünə də adlamağı bacarmayıb. Mədəni abidələrimizin ermənilər tərəfindən məhv edilməsinə, talanmasına, erməniləşdirilməsinə, torpaqlarımızda qanunsuz məskunlaşdırma aparılmasına, yurd yerlərimizin “mina tarlası”na çevrilməsinə görə təkcə Ermənistan deyil, on illər boyu bu ağır cinayətlərə göz yumanlar da məsuliyyət daşıyırlar”.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR