Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

Məlum məsələdir ki, Rusiyada minlərdə azərbaycanlı yaşayır. Bəs onlar da səfərbərliyə cəlb edilə bilərmi?

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a açıqlamasında qeyd etdi ki, vətəndaşlığı olan şəxslər milliyyətindən asılı olmayaraq qismən səfərbərliyə cəlb edilə biləcək:

"Düşünürəm ki, Rusiya qismən səfərbərliyə milliyətinən asılı olmayaraq ancaq vətəndaşlığı olan şəxsləri cəlb edəcək. Əgər vətəndaşlıq yoxdursa, çağırış qanunaziddir. Digər tərəfdən hərbi qeydiyyatda olanlara çağırış vərəqəsi göndərilə bilər. Əgər qeydiyyatda yoxdursa, deməli, onun haqqında məlumat yoxdur. Komissarlıq da bu zaman həmin şəxsə hər hansı göndəriş göndərə bilməz.

Rusiya açıqlamasında da qeyd etmişdi ki, hər hansı dövlət qurumları yox, məhz hərbi komissarlıqda qeydiyyatda olanlar çağırış vərəqəsi ilə qismən səfərbərliyə cəlb ediləcəklər", - deyə ekspert qeyd edib.

Gülər Seymurqızı