ABŞ ölüm hökmünün tətbiq olunduğu azsaylı Qərb ölkələrindən biridir. Ölkədə ölüm cəzası həm federal səviyyədə, həm də bir sıra ştatlarda qanunvericilikdə saxlanılır. Ölüm hökmü ilə bağlı qərarlar uzunmüddətli məhkəmə proseslərindən sonra icra mərhələsinə çatır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Death Penalty Information Center-in məlumatına görə, 2025-ci ildə ABŞ-da 47 nəfər edam edilib. Bu, 2009-cu ildən bəri ölkədə qeydə alınan ən yüksək illik göstəricidir. 2024-cü ildə isə 25 nəfər edam olunub. Beləliklə, bir il ərzində edamların sayı 22 nəfər artıb.
2025-ci ildə edamların böyük hissəsi Floridada həyata keçirilib. Ştatda 19 nəfər edam edilib ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 40 faizidir. Digər edamlar Alabama, Arizona, İndiana, Luiziana, Missisipi, Missuri, Oklahoma, Cənubi Karolina, Tennessi və Texasda həyata keçirilib. Ümumilikdə 47 edam 11 ştatda icra olunub.
Edam prosesi necə həyata keçirilir?
ABŞ-də ölüm hökmü məhkəmə qərarından dərhal sonra icra edilmir. Məhkumun apellyasiya və digər hüquqi müdafiə imkanları olur. Hüquqi prosedurlar başa çatdıqdan sonra edam tarixi müəyyənləşdirilir.
Edam üsulu ştatın qanunvericiliyindən asılıdır. Ən geniş yayılmış üsul öldürücü inyeksiyadır. Bu zaman məhkuma xüsusi prosedurla ölümcül dərman preparatları tətbiq edilir.
Bəzi ştatlarda alternativ üsullar da qanunidir. Bunlara elektrik stulu, ölümcül qaz və güllələnmə daxildir. 2025-ci ildə Cənubi Karolinada güllələnmədən istifadə olunub. Həmin il Alabama və Luizianada azot qazı ilə edamlar da həyata keçirilib.
Edamın icrası üçün ölüm hökmünün qüvvədə qalması və məhkəmə proseslərinin başa çatması tələb olunur. Daha sonra müvafiq hakimiyyət orqanı icra tarixini müəyyən edir. Məhkumun son anda məhkəməyə müraciət etməsi və ya əfv üçün müraciət etməsi edamın təxirə salınmasına səbəb ola bilər.
ABŞ-də neçə nəfər ölüm hökmünü gözləyir?
ABŞ Ədliyyə Nazirliyinin Statistikalar Bürosunun son statistik hesabatına əsasən, 2023-cü ilin sonunda 26 ştat və Federal Həbsxanalar Bürosunun nəzarətində ümumilikdə 2 192 nəfər ölüm hökmü altında olub. Həmin il beş ştatda və federal sistemdə ümumilikdə 24 nəfər edam edilib.
BJS bildirir ki, ölüm cəzası ilə bağlı məlumatlar hər il ştatların penitensiar qurumlarından və Federal Həbsxanalar Bürosundan toplanır. Statistikaya ölüm hökmü altında olan məhbusların sayı, edamlar, yeni ölüm hökmləri və digər hüquqi dəyişikliklərlə bağlı məlumatlar daxildir.
2025-ci ilin yekununda isə ABŞ-də edamların sayı əvvəlki illə müqayisədə kəskin artaraq 47-yə çatıb. Bu artımda Floridada həyata keçirilən 19 edamın xüsusi payı olub. Death Penalty Information Center-in məlumatına görə, Florida 2025-ci ildə edamların sayına görə ölkə üzrə ən çox fərqlənən ştat olub.
ABŞ-də ölüm hökmünün tətbiqi uzun illərdir hüquq, insan haqları və cinayət ədliyyəsi sistemi ilə bağlı müzakirə olunan məsələlərdən biridir. Bununla yanaşı, ölüm hökmü bir sıra ştatlarda və federal qanunvericilikdə hüquqi cəza olaraq qalır.