Bakı, 1 iyun, Samirə Allahverdiyeva, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bakı-2015” birinci Avropa Oyunları, ictimai davranış qaydaları və ictimai nəzarətlə bağlı həyata keçirilən QHT layihələrinin icra vəziyyəti iyunun 1-də müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev birinci Avropa Oyunları ərəfəsində keçirilən müzakirələrin vətəndaş cəmiyyəti institutlarının bu böyük idman tədbirinə hazırlıq səviyyəsini dəyərləndirmək və ona ictimai nəzarəti artırmaq məqsədi daşıdığını deyib. “Bakı-2015”in Azərbaycanda keçirilməsinin ölkəmizin böyük uğuru olduğunu bildirən Azay Quliyev respublikamıza minlərlə idmançı, məşqçi, jurnalist və idmansevərin gələcəyini qeyd edib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin hazırlıq işlərini qısa müddətdə ən yüksək səviyyədə başa çatdırdığını bildirib.
Şuranın birinci Avropa Oyunları və ictimai davranış qaydaları ilə bağlı 29 QHT-nin layihəsinə 300 min manata yaxın vəsait ayırdığını bildirən A.Quliyev deyib ki, təşkilatlar öz fəaliyyətlərini media ilə sıx əməkdaşlıq şəraitində qurmalıdırlar. Prezident İlham Əliyev mayın 27-də çıxışında bütün dövlət strukturlarının fəaliyyətinə ictimai nəzarətin artırılmasının vacibliyini bir daha vurğulayıb. Bütövlükdə cəmiyyətə verilən bu mesaj QHT-lərin də üzərinə mühüm vəzifələr qoyur.
Bildirilib ki, Şura QHT-lərin birinci Avropa Oyunları, ictimai davranış və mədəniyyət qaydaları ilə bağlı onlarla layihəsini dəstəkləyib. Ölkəmizə səfər edəcək əcnəbilərin Azərbaycan haqqında mənfi rəy formalaşdırmalarına imkan verməməliyik. QHT-lər narahatlıq doğuran ictimai davranış qaydaları ilə bağlı maaarifləndirmə işini gücləndirməli və mövcud problemlərlə bağlı real təkliflərlə çıxış etməlidir.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədov birinci Avropa Oyunları ərəfəsində BŞDYPİ yanaşı, QHT-lərin də ictimai davranış və yol hərəkəti qaydaları ilə bağlı təbliğat və maarifləndirmə prosesində yaxından iştirak etdiyini deyib. O, QHT-lərin Şuranın maliyyə yardımı ilə bu istiqamətdə həyata keçirdiyi layihələrin ümumi işin səmərəliliyini xeyli artırdığını və yol hərəkət qaydalarına riayət olunması ilə bağlı son göstəricilərin bunu əyani şəkildə göstərdiyini qeyd edib.
Toplantıda QHT rəhbərləri çıxış edərək bu sahədə təbliğat çarxlarının hazırlanaraq yayımlanması, ictimai davranış, mədəniyyət qaydaları və ekologiyaya dair layihələr reallaşdıran QHT-lərin birgə monitorinqlərinin təşkili, əcnəbilərin çox olacaqları yerlərdə işğal altındakı torpaqlarımızla bağlı məlumatların əks etdirilməsi, eləcə də gigiyenik qaydalara riayət olunması, ictimai nəqliyyat vasitələrində maarifləndirici materialların yerləşdirilməsi, avtomobillərin park məsələsinin həllinə diqqətin artırılması və s məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanın media qurumlarının da üzərinə mühüm vəzifə düşdüyünü xatırladan A.Quliyev hər bir informasiyanın milli təhlükəsizlik kontekstindən və obyektivlik prizmasından dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin müzakirələrdə irəli sürülən təkliflərin ümumiləşdirilərək Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilməsi və İctimai Televiziyada müvafiq verişlərin hazırlanması ilə bağlı razılıq əldə olunub.