​“Cənubi Qafqazın geopolitik iradə sahibi olan lider dövləti Azərbaycandır”​ -

“Əslində, 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun hərbi əməliyyatlara başlaması da məhz Ermənistanın atəşkəsi pozması, silahlı təxribatlar törətməsi ilə bağlıydı”.

Bu fikirləri Metbuat.az-a siyasi ekspert Elçin Xalidbəyli deyib. Onun fikirlərinə görə, məhz Azərbaycan liderinin həmin əks-hücum əmri və Azərbaycan ordusunun parlaq hərbi zəfəri Cənubi Qafqazın həm tarixini dəyişdi, həm də regionun gələcək taleyində yeni mərhələ açdı.


Elçin Xalidbəyli

“İndi Cənubi Qafqazın şəriksiz geopolitik iradə sahibi olan lider dövləti Azərbaycandır. Bu regionda geopolitik proseslər məhz rəsmi Bakının qərarları ilə istiqamət alır. Ermənistan isə II Qarabağ savaşında biabırçı məğlubiyyətə uğramasından sonra şikayətçi dövlətə çevrilib. Bu düşmən ölkənin bir neçə həftə ərzində darmadağın edilmiş ordusu hələ də bərpa edilməyib. Azərbaycanın “dəmir yumruq” zərbəsi ilə vaxtaşırı üzləşən Ermənistan yəqin ki, hələ uzun müddət normal döyüş qabiliyyətinə malik orduya sahib olmayacaq. Azərbaycan ordusu 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatlarına başlamaqla, Ermənistanın beynəlxalq himayədarlarının – Minsk Qrupu həmsədrləri ABŞ, Rusiya və Fransanın riyakar vasitəçilik missiyasını da ifşa etməyi bacardı. Belə ki, Minsk Qrupu həmsədrləri son 30 ilə yaxın bir müddətdə israrla vurğulayırdılar ki, “Dağlıq Qarabağ münaqişəsi”nin hərbi yolla həlli yoxdur. Azərbaycan ordusu isə bunun əksini – bu problemin sülh yolu ilə həllinin olmadığını sübuta yetirdi. Minsk Qrupu həmsədrlərinin 30 il ərzində sülh danışıqları ilə həll edə bilmədiyi problemi cəmisi 44 gündə hərbi yolla nizamladı”.

E. Xalidbəyli qeyd etdi ki, bu səbəbdən də, Minsk Qrupu öz fəaliyyətini dayandırıb. ABŞ və Fransa bu qurumu yenidən bərpa etməyə çalışsa da, Azərbaycan buna imkan vermək niyyətində deyil. Rəsmi Bakı Azərbaycan ordusunun 44 günlük savaşda qazandığı zəfərin yaratdığı yeni geopolitik situasiyanı və şərtləri qorumağa üstünlük verir. Hazırda regionda geopolitik proseslər Azərbaycanın nəzarəti altındadır. Və rəsmi Bakı beynəlxalq ermənipərəst dairələrin regionu öz maraqlarının girovuna çevirmək cəhdlərini qətiyyətlə bloklamaqda davam edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR