Makron yenə həyasızlıq etdi:

“Ermənistan – bizimlə unikal əlaqələri olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz onları qınadıq. Biz Ermənistanı tək qoymayacağıq”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ötəngünkü açıqlamasında deyib. Makron bu fikirləri ilə də bir daha Azərbaycana qarşı haqsızlığa yol verib.

“AB Azərbaycandan qaz alır, buna görə Azərbaycana tolerant yanaşa bilərmi” sualına isə Makron belə cavab verib: “Fransa Azərbaycandan qaz almır. Əlbəttə, AB-nin bir neçə ölkəsinin Azərbaycanla qaz sazişi var. Amma biləsiniz ki, Fransa və AB-nin dəyərləri qaz və ya neftə satılmır”.

Politoloq Turan Rzayev Makronun sayıqlamalarına münasibət bildirərək qeyd edib ki, noyabrın 15-də Fransa senatının Azərbaycana qarşı sanksiya tətbiqi məsələsini müzakirəyə çıxaracağnı nəzərə alsaq Makronun belə riyakar açıqlama verməsi diqqət çəkir. Politoloqun fikrincə, görünür, Makron və senat bu məsələdə eyni düşüncəyə malikdir və sanksiya qərarı verilə bilər.

“Lakin senatın Azərbaycana qarşı sanksiya tətbiqi məsələsini qəbul etməsi bunun praktiki tətbiqinin reallaşacağı mənasına gəlmir. Bundan başqa Makronun son açıqlaması həm də Fransa-Azərbaycan münasibətini yenidən gündəmə gətirir. Ümumiyyətlə, Fransa Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasında, sülh müqaviləsinin imzalanması prosesində iştirak etməməlidir. Prinsip etibarilə, 30 illik “vasitəçilik” dövründə ATƏT MQ-nin həmsədri kimi Fransa Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin Ermənistanın maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib. Son zamanlar isə Fransa artıq gündəmdə olmayan məsələləri qabardır, ciddi cəhdlə danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərir. Aydın məsələdir ki, qatı ermənipərəst siyasət yürüdən Fransa erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir. Bütün bunları nəzərə alsaq, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz”.

T.Rzayev hesab edir ki, rəsmi Paris Brüssel formatını manimsəməyə və öz əlinə keçirməyə çalışır.

“Etiraf etmək lazımdır ki, son zamanlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Aİ Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri sayəsində önəmli addlmlar atılıb. Xüsusilə sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması, XİN rəhbərləri səviyyəsində təmasın qurulması, sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma və s. buna misal ola bilər. Makron ötəngünkü açıqlamasında açıq şəkildə qeyd edib ki, Avropa Siyasi Birliyi zirvəsi çərçivəsində AŞ və Fransanın vasitəçiliyi ilə dördtərəfli görüş baş tutub. Makron hətta daha da irəli gedərək qeyd edib ki, bu çərçivədə yeni tarixdə ilk dəfə olaraq Ermənistan və Türkiyə liderləri də görüşdü. Göründüyü kimi, Makron təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını deyil, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını mənimsəməyə çalışır”.

T. Rzayev qeyd etdi ki, Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırım siyasəti, müsəlman ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara qarşı dini və irqi ayrı-seçkiliyi, habelə Azərbaycan və Türkiyəyə qarşı qərəzli siyasəti hamıya məlum həqiqətlərdir. Buna görə də Azərbaycan Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməli, bu ölkənin bütün vasitəçilik təkliflərini qəbul etməməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR