Beynəlxalq Jurnalistlər Federasiyası - BJF

Beynəlxalq Jurnalistlər Federasiyası
İFJ - International Federation of Journalists
www.ifj.org

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri: Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) 1926-cı ildə Paris şəhərində beynəlxalq statuslu təşkilat kimi təsis edilib. Dünyanın ilk qlobal statuslu media təşkilatı kimi tarixə düşüb. 1946-cı ildə sosialist sistemli ölkələri də öz sırasına almaq üçün nizamnaməsində dəyişikliklər edib və yenidən təsis edilib. Həmin andan başlayaraq Beynəlxalq Jurnalistlər Təşkilatı (IOJ) adlandırılıb. Soyuq Müharibə dövrünün təsirləri bütün sahələr kimi, media mühitinə də ciddi təsir etdiyindən və kommunistlərin jurnalistikaya baxış nəzəriyyələrində ciddi fərqliliklər meydana çıxdığından, 1952-ci ildə təşkilat parçalanıb. Bir hissəsi (sosialist sistemli ölkələri hatə edən hissə) Beynəlxalq Jurnalistlər Təşkilatı, digər hissəsi isə yenidən Beynəlxalq Jurnalistlər Federasiyası adlandırılıb. Beynəlxalq Jurnalist Təşkilatı adlandırılan və sosialist sistemli ölkələrin jurnalist təşkilatlarını birləşdirən qurum 1990-cı illərdə SSRİ-nin süqutundan sonra öz fəaliyyətini dayandırıb. Beynəlxalq Jurnalistlər Federasiyası isə fəaliyyətini davam etdirir və daha da inkişaf edib. Hazırda BJF-nin mərkəzi ofisi Brüssel şəhərində yerləşir. BMT, ATƏT, Avropa Şurası, Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir, beynəlxalq media təşkilatı kimi istinad olunur.

Beynəlxalq Jurnalistlər Federasiyası Avropa Şurasının “Platform to promote the protection of journalism and safety of journalists” (https://www.coe.int/en/web/media-freedom) platformasının yaradıcılarından və əsas koordinatorlarından biridir.

Strukturu və əməkdaşlıq meyarları

Təkcə tarixinə görə deyil, BJF həm də strukturuna, əhatə dairəsinə görə dünyanın beynəlxalq statuslu ən böyük media təşkilatıdır. Hazırda dünyanın 140 ölkəsində yerli üzv təşkilatı və ya təmsilçisi vardır. Bu ölkələrdə 187 jurnalist ittifaqı və ya assosiasiyasını öz tərkibində birləşdirməklə, 600.000 (altı yüz min) media təmsilçisini əhatə edir.

Kütləvi üzvlüyə üstünlük verdiyi üçün BJF ayrı-ayrı ölkələrdən üzv təşkilatlar qəbul edərkən, onların fəaliyyət istiqamətinə, təyinatına xüsusi önəm verir. Həmkarlar ittifaqı, assosisasiya tipli yerli təşkilatları üzvlüyə qəbul edir.

BJF-nin Azərbaycan üzrə təmsilçisi Jurnalistlərin Həmkarlar ittifaqıdır (JuHİ).

Üzvlər arasında əlaqələri sıx tutmaq üçün BJF qitələr üzrə ofislər qurub. Avropa, Afrika, Asia və Sakit Okean, Orta Şərq, Latın Amerikası kimi regional və ya qitələr üzrə ixtisaslaşmış ofislərə malikdir.

Beynəlxalq Jurnalistlər Federasiyası digər təşkilatlardan fərqli olaraq, üzvlük məsələsinə simvolik yanaşmır. Hər bir üzvü əvvəlcədən etimad qazanmış təşkilatlardan bir neçəsinin zəmanəti əsasında öz sıralarına qəbul edir. İllik üzvlük haqları toplayır. Ölkələr üzrə yerli üzv təşkilat, öz tərkibində birləşdirdiyi hər bir nəfərə görə BJF-yə illik üzvlük haqqı ödəyir.

BJF-nin əsas maliyyə qaynağı da üzvlərdən toplanılan illik üzvlük haqlarıdır. Bununla yanaşı, təşkilat müxtəlif donorlarla əməkdaşlıq edir. Layihələrinin əsas maliyyəçisi qismində Avropa Komissiyası çıxış edir. BJF hər il Avropa Komissiyası ilə bir neçə müştərək layihələr icra edir.

Məqsədi, fəaliyyət istiqamətləri

Beynəlxalq Jurnalistlər Federasiyasının əsas missiyası “Jurnalistikanın etik standartları”nı nəzəri baxımdan formalaşdırmaq, etik kodeksə əməl olunması üzrə monitorinqlər keçirməkdir. Təsadüfi deyil ki, media sahəsində beynəlxalq statuslu ilk kodeks BJF tərəfindən 1926-cı ildə hazırlanaraq qəbul edilib. 1936-cı ildə ona əlavələr edilib.

BJF-nin təşəbbüsü ilə 1954-cü ildə “Bordo Bəyannaməsi” kimi tanınan “Jurnalistlərin Davranışı üzrə Prinsiplər Bəyannaməsi” qəbul edilib.

BJF-nin hazırladığı kodeks zamanın tələblərinə uyğun olaraq yenilənir, modernləşdirilir. Təşkilat özünün 12 iyun 2019-cu ildə Tunisdə keçirilən 30-cu Ümumdünya Konqresində Jurnalistlər üçün Qlobal Etika Xartiyanı qəbul edib. Xartiya beynəlxalq hüququn əsas mətnlərinə, xüsusən də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsaslanır. 16 maddə və preambuladan ibarət olan Xartiya jurnalistlərin etika ilə bağlı vəzifə və hüquqlarını müəyyən edir.

BJF dünyada media sahəsində ortaya çıxan yeni tendensiyaları monitorinq edib dəyərləndirir. Qlobal forumlar, konfranslar təşkil edirək bu tendensiyaları müzakirəyə çıxarır. Müsbət olanları təqdir, neqativ olanları tənqid edir.Təşkilat etik jurnalistika prinsiplərinin inkişaf etdirilməsi, jurnalist təhlükəsizliyinə dair modulların tapılması və tətbiqi ilə bağlı təlimlər keçirir.

BJF jurnalistlərin təhlükəsizliyi məsələsinə ciddi önəm verir. Təhlükəsizlik üzrə kurslar, seminarlar, konfranslar təşkil edir. BJF ayrı-ayrı ölkələrdə jurnalistlərin təhlükəsizliyi baxımından gərginlik olanda həmin ölkələrə missiyalar göndərir.

1991-ci ildən etibarən fasiləsiz olaraq, “Dünyada söz azadlığının durumu”na dair hesabatlar hazırlayır və yayır. Bu hesabatlarda, məxsusi olaraq, təqibə məruz qalan, öldürülən jurnalistlər, fəaliyyətinə əngəllər yaradılan KİV redaksiyaları ilə bağlı məlumatlar əks olunur.

BJF “Gündəlik, həftəlik və aylıq bülletenlər” yayır, dünyanın istənilən ölkəsində media ilə bağlı baş verən hadisələr bu bülletenlərdə əks olunur.

Təşkilatın nəzdində Təhlükəsizlik Fondu fəaliyyət göstərir. Dünyanın istənilən ölkəsində fəaliyyətinə görə təqib və təzyiq olunan jurnalistlərə yüksək məbləğdə maddi yardım göstərir. Bunun üçün BJF-nin yerli tam hüquqlu üzv təşkilatının zəmanət verməsi kifayət edir.

BJF Beynəlxalq Jurnalist Kartı verən yeganə təşkilatlardandır. Bu kart dünyanın 123 ölkəsində tanınır. Məxsusi olaraq Avropa İttifaqına üzv olan dövlətlərdə qeyd-şərtsiz tanınır. Bu kartı daşıyan şəxsin beynəlxalq təşkilatlardan informasiya almaq üçün akreditasiyasına ehtiyac qalmır, qaynar nöqtələrə qeyd-şərtsiz girişi təmin olunur və sair.

BJF-nin paralel olaraq, Əmək Hüquqları Ekspert Qrupu, Müəllif Hüquqları Ekspert Qrupu kimi ixtisaslaşmış ofisləri var. Bu ofislər vasitəsilə jurnalistlərin azadlıqlarını, peşə hüquqlarını monitorinq edir. Həmrəylik, sosial ədalət, əmək hüquqları, demokratiya, insan hüquqları ilə bağlı məsələlərə töhvələr verir.

Beynəlxalq Jurnalistlər Federasiyası ayrı-ayrı ölkələr üzrə əsas məlumatları özünün müxbirləri və filialları vasitəsilə alıb dəqiqləşdirir. Yalnız dəqiqləşdirilmiş informasiyaları öz bülletenlərində əks etdirir. Bu baxımdan BJF-nin açıqlamalarında, bəyanat və təkliflərində qərəz, qeyri-obyektivlik kimi hallar müşahidə edilmir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı