Avropa soyuqdan donmamaq üçün çıxış yolu axtarır:

Avropada iyunun sonundan bəri ilk dəfə olaraq qazın birja qiymətləri min kubmetr üçün 1400 dollardan aşağı düşüb. Bu barədə Londonun İCE birjası məlumat yayıb. Bildirilir ki, Avropa mərkəzi TTF indeksində noyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 6% azalaraq 1333 dollar təşkil edib.

Bu barədə Metbuat.az-a danışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, qazın qiymətinin ucuzlaşması Avropa anbarlarında mavi yanacaq ehtiyatlarının maksimuma yaxınlaşması fonunda baş verib.

Murad Calalov

“Hazırda Avropanın qaz anbarları ümumilikdə 91 faiz doldurulub. Bundan öncə Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər yeraltı qaz anbarlarını ən azı 80 faizə, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı öhdələrinə götürmüşdülər. Eyni zamanda, qitədə havanın nisbətən isti keçməsi qazın məişət ehtiyacları üçün və sənayedə daha az istifadə edilməsinə səbəb olub. Həmçinin Avropada elektrik enerjisi istehsalında küləyin payı əhəmiyyətli dərəcədə artaraq sentyabr ayında 13,5 faizə, oktyabrın əvvəlində isə 20 faizə çatıb. Bütün bunlar qaz ehtiyatlarının yaradılması prosesini sürətləndirib. Qiymət enməsi daha çox enmə Hollandiya, Niderland təbii qazı ilə baş verib. Son vaxtlar Avropa İttifaqı incə məqamları özündə birləşdirən iqtisadi siyasət aparır. Bunun da mərkəzində Rusiya ilə Qərb arasında olan münasibətlər dayanır. Avropa həm idxal olunan təbii yanacağın qiymətini aşağı salır həm də bərpa olunan enerjiyə yatırımları artıraraq vəziyyətdən çıxış yolu tapmağa çalışır”.

Murad Calalov deyir ki, alternatin enerjidən istifadə nəticəsində Avropa təbii qaza olan qənaət etməyə başladı. Bu da digər enerji istehsal edən şirkətlərə əlavə gəlirlər gətirmək üçün şans oldu.

“Avropa dövlətləri birlikdə əlavə əldə olunan gəliri bərpa olunan enerjiləri yatırmaq istəyirlər və Avropanın özünün enerji infrastrukturuna 2027-ci ilə qədər 21 milyard artıq investisiyanın əldə edilməsini planlaşdırır. Avropa İttifaqının əsas cəhdi Rusiya təbii yanacaqlarından asılılığı ilin sonunadək azaltmaqdan ibarətdir. Ümumilikdə tam asılılığın aradan qaldırılması və Avropanın özünün enerji bazasının yaratması isə 2027-ci ilə qədər tamamlanmalıdır . Avropa həm də Rusiya qazına, yəni idxal olunan qaza limit tətbiq etməyi planlaşdırır. Almaniya Rusiyadan neft idxalını 2022-ci ilin sonuna qədər, qaz idxalını isə 2024-cü ilin yayına qədər dayandırmağı planlaşdırır. Eyni zamanda, Rusiyadan təbii qaz idxalına yüksək rüsumların tətbiqi belə hazırkı mərhələdə saxlancların səviyyəsini yüksəltməyə çalışan İttifaq ölkələri üçün əlavə maliyyə yükünə səbəb olmaqla qaz idxalını azaltmaq istiqamətində effektiv olmayacaqdır. Amma bəzi İttifaq ölkələri, o cümlədən Baltikyanı ölkələr Latviya, Litva və Estoniya fərdi qaydada Rusiyadan təbii qaz idxalını dayandırmaq qərarı vermişdir”.

Murad Calalov qeyd etdi ki, orta və uzun müddətli dövrdə – hazırda planlaşdırılan və ya tikintisi aparılan infrastruktur layihələrinin hazır olacağı və fəaliyyətə başlayacağı dövrdə Avropada təbii qaza tələbatın hazırkı kimi yuxarı səviyyədə olmaması riski mövcuddur. Layihələrin əksəriyyətinin 2025-26-cı illərdə yekunlaşıb fəaliyyətə başlaması planlaşdırılır ki, həmin vaxtadək Avropada enerji keçidinin hansı mərhələdə olacağını və qalıq yanacaqlara tələbatın səviyyəsini proqnozlaşdırmaq çətindir. İstehsalçı ölkələr və investorlar bu cəhətdən yeni layihələr üzrə risklərin qiymətləndirilməsində xüsusən diqqətli olmalıdırlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR