De Byazi:

“Azərbaycanla yeni müqavilə imzalayan zaman 3 təkliflərim var idi. Biri başqa millidən, ikisi isə İtaliya klublarından idi”.

Metbuatş.az Apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “tribalfootball.com” saytına müsahibəsində deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Azərbaycan yığmasında qalmasının səbəbi Albaniya ilə qazandığı uğuru təkrarlamaq istəyidir: “AVRO-2024-ün püşkatması ilə əlaqədar Azərbaycanda qalıb davam etmək istəyirdim. Bu püşkatmada Albaniya kimi, bəxtimiz gətirmədi. Bu, daha əvvəl AVRO-2016-nın püşkatma mərasimində başıma gəlmişdi. Albaniyanın baş məşqçisi olduğum zaman çox çətin qrupa düşmüşdük və oradan final mərhələsinə vəsiqə qazana bilmişdik. Ümid edirəm ki, Azərbaycanla da eyni uğuru təkrarlayacağıq. Baxmayaraq ki, buna nail olmaq çox çətin olacaq”.

66 yaşlı çalışdırıcı yığmamızın AVRO-2024-ün seçmə qrup mərhələsindəki rəqiblərini də dəyərləndirib. O, Estoniya istisna olmaqla F qrupundakı digər rəqiblər barədə xüsusi danışıb: “Bütün matçlar komandamız üçün çox olacaq. Belçika böyük ulduzları olan, FIFA reytinqində birinci pillədə qərarlaşan və böyük futbolçulara sahib komandadır. İsveçin isə oyunçuları Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriyaya gəlincə, onlar təkcə David Alabadan ibarət deyil. Bundesliqada mübarizə aparan digər oyunçuların toplaşdığı güclü komandadır. Əksər oyunçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir. Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı keçirəcək, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

De Byazi Azərbaycan Premyer Liqasının səviyyəsinin getdikcə artdığını desə də, burada üzləşdiyi problemi də gizlətməyib: “Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır, güclü oyunçularımız var. Yeganə problem odur ki, seçə biləcəyimiz oyunçular sayı çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir və bu klublarda 7 oyunçu əcnəbidir. Hər komandadan 4 oyunçu seçmək imkanım var ki, bu da ümumilikdə 40 nəfər deməkdir. Burada yaxşı işlər gördük, 2000-2001-ci il təvəllüdlü çoxlu gənc oyunçulardan ibarət qrup yaratdıq. Onlar müntəzəm oynayırlar. Ümid edirəm ki, daha da böyüyə bilərlər”.

Qeyd edək ki, millimiz qrupda ilk oyununu gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR