18-ci əsrə aid nadir sevgi məktubları təxminən 200 il sonra köhnə bir kitabın arasından tapılıb.
Metbuat.az xəbər verir ki, fransız alim Jan-Andre Monjeyə məxsus məktubların hərracda 50 min avroya qədər qiymətə satılacağı gözlənilir. Məlumata görə, məktublar 1788-ci ildə fransız dənizçi Jan-Fransua de Qalup, qraf de Lapéruzun rəhbərlik etdiyi ekspedisiyada iştirak edən alim tərəfindən yazılıb. Monje yazışmalarını Normandiyanın Ruan şəhərində yaşayan, evli zadəgan qadın Luiza Viktor Le Klüstiyə göndərib. Bu səbəbdən sənədlərin həmin dövrün gizli sevgi münasibətlərinə dair məlumatlar daşıdığı bildirilir. Məktublar XIX əsrə aid illüstrasiyalı kitabın içərisində aşkarlanıb. Bildirilir ki, tapıntı təkcə sevgi hekayəsi deyil, həm də Fransanın itkin dəniz ekspedisiyasının tarixini araşdırmaq baxımından əhəmiyyət daşıyır.
Məlumata görə, Monjenin iştirak etdiyi səfər 1785-ci ildə başlayıb, lakin 1788-ci ildə iki fransız gəmisindən xəbər kəsilib. Gəmilərin qalıqları sonradan tapılsa da, ekspedisiyanın bütün təfərrüatları hələ də məlum deyil. Məktublarda alim sevdiyi qadının evli olmasından duyduğu narahatlığı, keçmiş davranışlarına görə peşmanlığını və geri qayıtmaq istəyini ifadə edib. Son məktubunda isə səfər zamanı baş verən itkilərdən danışaraq artıq yeganə arzusunun evə dönmək olduğunu yazıb.
Luiza Viktor Le Klüstiyə məktubları illərlə saxlayıb, lakin 1821-ci ildə vəfat edənədək Monjenin və ekspedisiyanın digər iştirakçılarının taleyindən xəbər tuta bilməyib.