Amerikalı tarixçi və beynəlxalq münasibətlər üzrə ekspert Sara Peyn Rusiyanın Polşaya mümkün hücumunun Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, Sara Peyn, qatıldığı televiziya proqramında dünyada artan geosiyasi gərginliyi və Ukraynadakı müharibənin genişlənmə ehtimalını qiymətləndirib. Onun sözlərinə görə, Rusiyanın aqressiv siyasəti qlobal qarşıdurma riskini artırır. Tarixçi xüsusilə Polşaya mümkün hücumun ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Belə bir ssenarinin NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqinə gətirib çıxara biləcəyini və alyans üzvlərini münaqişəyə cəlb edə biləcəyini bildirib. Peyn nüvə müharibəsinin mümkün nəticələrinə də diqqət çəkib. O, müasir simulyasiyalarda böyük gücə malik nüvə bombasının hər hansı böyük şəhərə atılması halında yarana biləcək insan tələfatının dəhşətli miqyasda olacağını qeyd edib.
Tarixçi həmçinin Rusiyanın pilotsuz uçuş aparatlarının NATO üzvü Rumıniyanın hava məkanını pozmasını Moskvanın alyansın sərhədlərini sınaqdan keçirməsi kimi qiymətləndirib.