Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Dəmirov Ədalət Nüsrət oğlunun şəhadətinin altıncı ildönümü qeyd olunub.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimi şəhidin doğulduğu kəndin qəbiristanlığında, məzarı önündə keçirilib.
Mərasimə ilk olaraq qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə din xadimləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhidin ailə üzvləri, yaxınları və doğmaları iştirak ediblər.
Çıxış edənlər qəhrəman şəhid Ədalət Dəmirovun həyat yolundan, Vətənə bağlılığından bəhs ediblər.
Qeyd olunub ki, Ədalət Dəmirov 2001-ci il noyabrın 9-da, Dövlət Bayrağı Günündə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində dünyaya göz açıb. Orta təhsilini doğulduğu kənddə alıb. Uşaqlıqdan sakitliyi, tərbiyəsi və zəhmətkeşliyi ilə seçilən Ədalətin futbola böyük marağı olub.
2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanan Ədalət Ağcabədi rayonunda yerləşən hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayandan sonra, oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlərə göndərilib. Daha sonra Cəbrayıl və Qubadlı istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edib.
2020-ci il noyabrın 2-də Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.