“Boeing” mühəndisləri təyyarələrdə Wi-Fi bağlantısının keyfiyyətini artırmaq üçün maraqlı üsula əl atıblar.

Metbuat.az xəbər verir ki, sərnişinlərin əvəzinə təyyarənin salonuna təxminən 9 ton kartof yerləşdirilərək xüsusi sınaq keçirilib. Məlumata görə, illər əvvəl şirkət təyyarədaxili internet bağlantısını yaxşılaşdırmaq məqsədilə araşdırmalara başlayıb. Məlum olub ki, insan bədəni radio dalğalarını udduğu və əks etdirdiyi üçün boş salonda aparılan ölçmələr real nəticə vermir. Bildirilir ki, onlarla könüllünü günlərlə təyyarədə saxlamaq əvəzinə kartofdan istifadə etmək qərara alınıb. Tərkibinin təxminən 80 faizi sudan ibarət olan kartoflar insan bədəninin elektromaqnit təsirini təqlid etmək üçün oturacaqlara yerləşdirilib. Təcrübə nəticəsində mühəndislər Wi-Fi siqnalının zəiflədiyi nöqtələri müəyyənləşdiriblər.

14 gün davam etməsi nəzərdə tutulan sınaqlar cəmi 10 saata başa çatıb. Daha sonra könüllülərin iştirakı ilə aparılan yoxlamalar da ilkin nəticələri təsdiqləyib.