“Kasımpaşa”nın baş məşqçisi Emre Belözoğlu “Fənərbaxça”da baş məşqçi postuna mümkün təyinatı ilə bağlı sualı cavablandırıb.
Metbuat.az xəbər verir ki, mütəxəssis, İstanbul təmsilçisinin onun həyatında hər zaman xüsusi yer tutduğunu bildirib. Emre Belözoğlu klubun ən çətin, sevincli və kədərli günlərini yaşayan keçmiş futbolçusu olduğunu xatırladıb. O,“Fənərbaxça”da baş məşqçi vəzifəsinə özü namizədliyini irəli sürməyi düzgün hesab etmədiyini deyib. Onun sözlərinə görə, bu posta iddia etməkdənsə, rəhbərlik tərəfindən həmin vəzifəyə layiq görülmək daha doğrudur. O, klub rəhbərliyinin etimad göstərməsinin vacibliyini vurğulayıb. Belözoğlu hazırda bütün diqqətini “Kasımpaşa”ya yönəltdiyini və çalışdırdığı komandaya qarşı haqsızlıq etmək istəmədiyini bildirib.