Almaniyanın bir sıra şəhərlərində on minlərlə gəncin iştirakı ilə keçirilən etiraz aksiyaları axşam saatlarında daha da genisləşib. Maskalı şəxslərin polisə daş, şüşə qablar və fişənglər atmasından sonra hüquq-mühafizə orqanları nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, gün ərzində əsasən dinc şəraitdə davam edən nümayişlər axşam saatlarında qarşıdurmalarla müşayiət olunub. Bəzi nümayişçilərin təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar və fişənglər atması nəticəsində polis əməkdaşları arasında xəsarət alanlar olub.
Məlumata görə, aksiyalarda iştirak edən gənclər Almaniya kansleri Fridrix Mertsin siyasətinə etirazlarını bildiriblər. Nümayişçilər “Müqavimət zamanıdır” və “Merts getməlidir” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.
Etirazların əsas səbəbləri arasında yaşayış xərclərinin artması, təhsil müəssisələrinin vəziyyəti, dövlət xərclərinin azaldılması və siyasi qərarların qəbulunda gənclərin maraqlarının nəzərə alınmaması göstərilir.
Bununla yanaşı, nümayişçilər ölkənin hərbi xərclərinin artırılmasından və məcburi hərbi xidmətin yenidən tətbiqi ehtimalından narahat olduqlarını bildiriblər. Yeni könüllü hərbi xidmət modelinə də etirazlar səsləndirilib.
Ölkənin Frankfurt şəhərində də vəziyyət gərginləşib. Polisə daş və fişənglərin atılmasından sonra hüquq-mühafizə orqanları kütləni dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib. Frankfurt polisi sosial şəbəkələrdə yaydığı açıqlamada təcili yardım və təhlükəsizlik əməkdaşlarına qarşı hücumların davam etdiyini bildirib.
Aksiyaların təskilatçısı olan “GenZ regelt!” hərəkatının açıqlamasına əsasən, aksiyalarda ümumilikdə 120 min nəfər iştirak edib. Polis həmkarlar ittifaqının nümayəndəsi Andreas Rosskopf isə əsas nümayişlərin böyük ölçüdə dinc keçdiyini, lakin axşam saatlarında zorakılıq hallarının baş verdiyini qeyd edib.
Hadisələr fonunda bəzi zərgərlik və lüks geyim mağazalarının mümkün talan hallarının qarşısını almaq məqsədilə vitrinlərini taxta lövhələrlə bağladığı da bildirilir.