Pxenyan yeni nəsil kaset bombalı ballistik raketini sınaqdan keçirib. Rəsmi açıqlamaya görə, silah geniş ərazidəki hədəfləri məhv etmək gücünə malikdir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya hərbi arsenalını gücləndirmək istiqamətində növbəti addımını atıb. Ölkə rəhbərliyi kaset tipli döyüş başlığı ilə təchiz edilmiş yeni taktiki ballistik raketin uğurlu sınaqdan keçirildiyini açıqlayıb.
Pxenyanın məlumatına görə, “Hwasongpho-11 Ka” adlı yer-yer tipli taktiki ballistik raket 6,5-7 hektar ərazidə yerləşən hədəfləri yüksək dağıdıcı güclə məhv etmək imkanına malikdir.
Şimali Koreya rəsmilərinin açıqlamasında bildirilir ki, son üç gün ərzində bir sıra mühüm silah sistemlərinin sınaqları həyata keçirilib. Bu sınaqlar çərçivəsində kaset bombalı döyüş başlığına malik ballistik raketlə yanaşı, mobil qısa mənzilli zenit-raket sistemi və elektromaqnit silah sistemi də yoxlanılıb.
Sınaqlara Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının üzvü, general Kim Çon Sik rəhbərlik edib.
Rəsmi Pxenyan yeni silahların ölkənin müdafiə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Şimali Koreyanın ardıcıl raket və silah sınaqları regionda hərbi gərginliyin artması ilə müşayiət olunur. Xüsusilə Cənubi Koreya və Yaponiya Pxenyanın hərbi imkanlarını genişləndirməsini diqqətlə izləyir.
Cənubi Koreya ordusu da Şimali Koreyanın son günlərdə Yapon dənizi istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxdığını açıqlayıb.
Ekspertlərin fikrincə, Pxenyanın yeni silah sistemlərini sınaqdan keçirməsi təkcə hərbi potensialını nümayiş etdirmək deyil, həm də regiondakı rəqiblərinə və beynəlxalq ictimaiyyətə siyasi mesaj vermək məqsədi daşıyır.