Azərbaycanda payız-qış mövsümü ilə əlaqədar bir sıra şəhər və rayonlarda istilik təchizatına start verilib. Yeni qaydalara uyğun olaraq, iqlim şəraiti nəzərə alınmaqla, ölkənin 25 şəhər və rayonunda, eləcə də Naxçıvan Muxtar Respublikasında istilik mövsümü noyabrın 1-dən başlayıb.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Bildirilib ki, istilik mövsümünə Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala rayon və şəhərlərində başlanılıb.

Məlumata görə, bu ərazilərin bir qismində istilik təchizatı qazanxanalar vasitəsilə həyata keçirilir. Belə ki, Ağstafa, Balakən, Xaçmaz, İsmayıllı, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lerik, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz və Zaqatalada bu sistemdən istifadə olunur.

Qeyd edək ki, yeni qaydalara əsasən, Bakı və digər ərazilərdə istilik mövsümü noyabrın 15-də başlayacaq. Əvvəlki illərdə noyabrın 1-dən istilik verilən ərazilərin sayı 9 olduğu halda, yeni qərarla bu göstərici 26-ya yüksəlib.