Qazaxıstanın qərbində konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdırmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb.
Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, əməliyyat oktyabrın 30-da Atırau şəhərində Milli Təhlükəsizlik Komitəsi və prokurorluq orqanlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilib. İstintaqın versiyasına görə, saxlanılan şəxslər ölkənin qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi qarşılarına məqsəd qoyublar. Onlar ekstremist qruplaşma yaratmaqda, onun fəaliyyətində iştirak etməkdə, terrorçuluğu təbliğ etməkdə və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı odlu silahlar, narkotik vasitələr, dini ədəbiyyat və digər maddi sübutlar aşkarlanaraq götürülüb. Bundan əlavə, uşaqlar və yeniyetmələr üçün yaradıldığı bildirilən üç gizli tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, saxlanılan qrupun bəzi üzvləri əvvəllər terrorçuluq və digər cinayətlərə görə məhkum ediliblər.
Qurum istintaqın davam etdiyini bildirərək, qanunvericiliyə əsasən əlavə məlumatların açıqlanmasının mümkün olmadığını qeyd edib.