Pakistanda TikTok fenomeninin təşkil etdiyi toy mərasimi faciə ilə nəticələnib.
Metbuat.az xəbər verir ki, Pəncab əyalətinin Sialkot bölgəsində “Mr Patlu” kimi tanınan Məhəmməd Ansar Jattın keçirdiyi tədbirdə yaranan izdiham iki nəfərin həyatına son qoyub, 17 nəfər isə xəsarət alıb. Mərasimdən əvvəl motosiklet, avtomobil və nağd pulun hədiyyə ediləcəyi barədə elanların yayılması stadiona çoxsaylı insanın gəlməsinə səbəb olub. Məlumata görə, qapıların açılması ilə hamının eyni anda içəri daxil olmağa çalışması vəziyyəti nəzarətdən çıxarıb. Araşdırma zamanı tədbirin keçirilməsi üçün verilmiş icazənin təhlükəsizlik qaydalarının pozulması səbəbindən əvvəlcədən ləğv edildiyi də üzə çıxıb. Bildirilir ki, hadisə ilə əlaqədar fenomen, onun qardaşı və digər təşkilatçılar barəsində cinayət işi başlanıb, altı nəfər saxlanılıb.
Polis həmçinin tədbirdə hədiyyə kimi paylanması nəzərdə tutulan 50 motosiklet və bir avtomobili müsadirə edib. Hadisədən sonra ərazidən qaçdığı bildirilən Məhəmməd Ansar Jattın axtarışı davam edir.