İran ABŞ ilə müharibəyə son qoymaq üçün irəli sürdüyü 7 şərtin yerinə yetirilməsində israr edir.
Metbuat.az xəbər verir ki, Tehran administrasiyası Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda bu tələblərdən geri çəkilmək niyyətində deyil. İddialara görə, şərtlər arasında ABŞ-nin İrana tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması və dondurulmuş təxminən 100 milyard dollarlıq İran aktivlərinin qaytarılması yer alır. Bundan başqa, Tehran iqtisadi sanksiyaların ləğvini, neft satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və ABŞ-nin regiondakı hərbi mövcudluğunun azaldılmasını tələb edir. İran həmçinin Hörmüz boğazında müəyyənləşdirilən yeni gəmiçilik marşrutunun Vaşinqton tərəfindən tanınmasını istəyir. Tələblərə Livan da daxil olmaqla, münaqişənin bütün cəbhələrdə dayandırılması da daxildir.İran əlavə olaraq ABŞ-nin ölkənin daxili işlərinə müdaxiləsinə və Tehran əleyhinə qruplarla əməkdaşlığına son qoyulmasını tələb edib.
Bildirilir ki, Tehran nüvə proqramının hazırkı sülh danışıqlarına daxil edilməsinə qarşı çıxır və bu məsələnin yalnız uzunmüddətli ayrıca müzakirələr çərçivəsində həll oluna biləcəyini bildirir. İran tərəfi bütün şərtlərin yerinə yetirilməsindən sonra Hörmüz boğazını iki gün ərzində açacağını bəyan edib.