Vətən müharibəsində əldə olunan daha bir NƏTİCƏ:

“Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması Brüsselin əsas prioritetidir. Belə olan təqdirdə rəsmi Bakı da enerji sahəsində asılılığı əsas götürərək Ermənistanla sülh müqaviləsinin imzalanmasını və bütün proseslərin öz xeyrinə nəticələnməsini qarşıya məqsəd qoyub”.

Bu fikirləri Metbuat.az-a özəl olaraq, politoloq İlyas Hüseynov deyib.Müsahibimiz bildirdi ki, Vətən müharibəsindən sonra regionda yeni geosiyasi konfiqurasiya formalaşıb və dünyanın əsas güc mərkəzləri yeni reallıqları qəbul edib.

Gələcəkdə Türkiyə iqtisadiyyatına zərbələr vurulması proqnozlaşdırılır" - İLYAS HÜSEYNOV

İlyas Hüseynov

“Hazırda Cənubi Qafqazda regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Avropa İttifaqının əsas hədəfindədir. “Brüssel sülh gündəliyi” adını alan format çərçivəsində Avropa Ittifaqı regionda öz siyasi mövcudluğunu qoruyub saxlamaq və karbohidrogen ehtiyatların nəqlinin fasiləsiz və sabit şəkildə təmin etməyi hədəfləyir. Digər tərəfdən, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda daxili siyasi böhran dərinləşməkdə davam edir. Müxalifət partiyaları baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham etsə də, Paşinyan da rəqiblərinin ittihamlarını cavabsız qoymur. O, oktyabrın 5-də Ermənistan parlamentində çıxışı zamanı əvvəlki hakimiyyətlərin “pis miras” qoyub getdiklərini deyib. “Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulyasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”. Xüsusilə qeyd edək ki, müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri əhatə edir. İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, eyni zamanda dünyanın inkişafının başlıca meyillərinə çevrilib. Sevindirici haldır ki, hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. Xüsusilə Vətən müharibəsində əldə olunan Zəfərin nəticəsidir ki, indi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib”.

İlyas Hüseynov hesab edir ki, Azərbaycanın qazandığı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Politoloq xüsusilə qeyd etdi ki, Azərbaycan dövlətinin Avropaya və dünyaya inteqrasiyasının siyasi prinsip və əsasları Ulu Öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsi idi.

“Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən Ümummilli Liderin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir. Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı. Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu xüsusda ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq münasibətlərinin qurulması diqqət çəkir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir”, - deyə İ.Hüseynov fikirlərinə əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR