Putinin “​Valday”dakı etirafının ŞİFRƏSİ:

Ötən gün “Valday” qrupunun toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesi barədə bir sıra açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Rusiya prezidentinin səsləndirdiyi fikirləri şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Soçi görüşü öncəsi Putin “Valday” diskussiya klubunda sülhə qarşı olduğu mövqeyini ortaya qoymaqla belə bir görüşün əhəmiyyətini azaltdı.

Məhəmməd Əsədullazadə

“Rusiyanın siyasi mövqeyi bəlli olduğu üçün Soçi görüşündən müsbət nəticə olmayacaq. Vaşinqtonun dəstəyi ilə Brüssel formatında aparılan danışıqlara Nikol Paşinyan da üstünlük verir. Bizim üçün məqbul məhz Brüssel formatıdır. Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında o zaman razı olacaq ki, Qarabağın yekun statusu sonraya saxlanılsın. Prezident İlham Əliyev Xankəndini Bakıya mütləq tabe edəcək. Bunun alternativi yoxdur”.

Putin bildirib ki, “Vaşinqton variant” Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Onun “əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik”, - sözlərində narazı ton açıq hiss olunur.

Politoloq Elxan Şahinoğlu Putinin Qarabağla bağlı suallara verdiyi cavabından gəldiyi qənaət odur ki, Kreml sahibi Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir.

“Putin Qarabağı mübahisəli ərazi kimi dəyərləndirir. Belə olan halda digər görüşlər kimi liderlərin Soçi görüşünün də Azərbaycan üçün faydası olmayacaq”.

Politoloq Şahin Cəfərli isə deyir ki, Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur.

Şahin Cəfərli

“O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik".

Ş.Cəfərli hesab edir ki, indi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq:

“Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək. Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar”.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında politoloq Turan Rzayev bildirdi ki, ümumiyyətlə, Moskva və Bakının son günlər bir-birinə açıqca mesajlar verməsi hətta hər iki ölkənin dövlət televiziya kanallarının qarşılıqlı atışması fonunda demək olar Bakı ilə Moskvanın fikir ayrılıqları var.

Bəs Bakı üçün sülhün hansı forması vacibdir?


“Hazırda bu sual Ermənistandan daha çox Bakını maraqlandırmalıdır. Çünki hər iki variant özlüyündə Bakı üçün təhlükəli tezislər ehtiva edir. Məsələn, sülh modelinin ABŞ variantı Putinin də dediyi kimi Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. Lakin bu o demək deyil ki, İrəvan status tələbindən geri imtina edir. Əksinə belə bir güzəşdə gedərək Vaşinqtonun bu istiqamətdə dəstəyini daha çox qazanacaq və ABŞ ermənilərə statusun verilməsi istiqamətində Bakıya təzyiqləri artıra bilər. Sülh modelinin “Moskva variantı”na gəldikdə isə Putinin qeyd etdiyi “Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür” ifadələri bu variantın kodlarını açıqlayır. Nəticə etibarilə ABŞ-ın da, Rusiyanın da modeli Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin ABŞ prosesin yekunda ermənilərə statusun verilməsi ilə Rusiya isə münaqişənin gələcəkdə yenidən alovlanması üçün müvəqqəti dondurulması ilə bitməsini təklif edir”.

Turan Rzayev onu da qeyd etdi ki, rəsmi Bakı indiki məqamda prosesi bir qədər uzatmalı ən azından Ukrayna-Rusiya müharibəsində Kremlin zəifləməsini, eyni zamanda ABŞ-ın beynəlxalq vəziyyətə uyğun olaraq prosesə baxış bucağının dəyişməyini gözləməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR