"Qərblə Rusiya arasında Qarabağla bağlı gizli razılaşma var" -

"Rusiyada Azərbaycan əleyhinə kampaniya Qərbdən sonra strat götürüb. Bundan öncə Fransa və digər Qərb ölkələrindən Azərbaycana təzyiqlər vardı. İndi isə Qərb dayanıb, Rusiya bu məsələdə fəaldır. Bu onu göstərir ki, Azərbaycana qarşı baş verən kampaniyalarla bağlı bir növ gizli razılaşma var".

Metbuat.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov son günlər Rusiyanın Azərbaycan əleyhinə güclənən təbliğatına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, hiss olunur ki, bölgədə keçmiş Minsk qruqunun fəaliyyətinin bərpası üçün cəhdlər edilir:

"Ona görə də istisna etmirəm ki, Rusiyanın sülhməramlı qüvvələri, Qərbin missiyaları gələcəkdə bu və ya digər şəkildə bir yerdə fəaliyyət aparacaqlar. Eyni zamanda danışıqlar prosesi də hansısa formada birgə həyata keçiriləcək. Qərbdə sanksiyalar barəsində fikirlər səslənir. Rusiya iqtisadi sahədə Azərbaycana təzyiqlər etsə, biz bu təzyiqlərin bir növ razılaşmış şəkildə həyata keçirildiyini görəcəyik. Çünki Azərbaycan 2020-ci ildən sonra demək olar ki, münaqişənin həll edilməsin üçün böyük işlər görüb. Lakin görürünür, bu, kənar oyunçuları qane etmir. "Oyunçular" deyəndə həm Qərb, həm də Rusiyanı nəzərdə tuturam. Sanki Azərbaycana qarşı növbə ilə eyni addımlar atılır. Bəzən yazırlar ki, burada Rusiya ilə Qərb arasında qarşıdurma var. Bəlkə üzdə var, amma taktiki baxımdan Azərbaycana qarşı təxminən eyni addımlar atılır".

"Kənar oyunçuların istəyi nədən ibarətdir" sualını isə T. Zülfüqarov belə cavablandırıb:

"Artıq 30 il ərzində bu münaqişə vasitəsilə bölgəni idarə etməyə öyrəşiblər. Təbii ki, onları narahat edən məsələ münaqişənin həll olunmağa yaxın olmasıdır. Biz görürük ki, müxtəlif maneələr yaradılır. Maneələr nədən ibarətdir? İndi hamı başa düşür ki, əgər dırnaqarası status mövzusunu gündəmə gətirsələr, danışıqlar sonsuza qədər uzanacaq. Çünki bu mövzuda hansısa razılıq əldə etmək mümkün deyil. Bu vəziyyəti dondurmaq üçün onlara burada hansısa missiyalar lazımdır ki, hərbi baxımdan vəziyyəti öz xeyrlərinə dəyişsinlər. Bunu əldə etmək üçün Rusiya eyni oyunu oynayır. Qərb də status məsələsini hər gün gündəmə gətirir. Yəni, ümumi maraq göz qabağındadır. Əlbəttə ki, Azərbaycan öz mövqeyini bildirib. Azərbaycan vətəndaşlarının sahib olduğu hüquqlar erməni mənşəli insanlara da şamil olunacaq. Amma bu, onları qane etmir. Çünki bu variant məsələnin həll olunması deməkdir".

T.Zülfüqarov bildirib ki, Azərbaycan konstitutsiyasına zidd olan hansısa qurumları aradan götürmək hüququndan istifadə edə bilər:

"Amma bunun qarşısını almaq üçün burada müxtəlif missiyalar olacaq. Bu şəraitdə status barəsində sonsuz danışıqlar ilacaq. Bir gün Moskvada, bir gün başqa ölkədə... Artıq diplomatik müstəvidə müharibdən əvvəlki vəziyyət tam bərpa olunacaq. Bu ona gətirəcək ki, yenə də bölgəni idarə etmək üçün mexanizm yaradılacaq. Onların istəyi budur. Lakin onlardan fərqli olaraq, biz başqa şey istəyirik. İstəyirik ki, münaqişə bitsin, sərhədlər müəyyən edilsin, ərazimizdə qeyri-qanuni qurumlar ləğv olunsun. Azərbaycanın məqsədləri bəllidir. Amma bu, onları qane etmir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR