"Soçi görüşü sülhə deyil, Rusiyanın Azərbaycan ərazisində etnik ermənilər vasitəsilə yenidən separatizm ocağını saxlamağa xidmət edir. Xankəndində təşkil edilən kütləvi etiraz aksiyaları məhz Azərbaycana Rusiyanın mesajıdır".
Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiyanın sülh planı Ermənistan baş naziri Nikol Paşinyanın siyasi maraqlarına da xidmət etmir.
Məhəmməd Əsədullazadə
"N. Paşinyanın "Rusiyanın planını qəbul edirəm" açıqlaması blefdir. İlk növbədə Qərbyönümlü siyasət aparan Paşinyan beynəlxalq izolyasiya olunan və Ukraynada məğlub olan Rusiyanın sülh planını qəbul edərsə, ABŞ və Avropa İttifaqını qarşısına almış olacaqdır. Vaşinqton və Brüsselin irəli sürdüyü sülh müqaviləsinin şərtlərini N. Paşinyan qəbul edib. Belə olan təqdirdə Rusiyanın sülh müqaviləsinin şərtlərini qəbul etməsi, ikili oyun oynamaqdır və Qərbin siyasətinə demarş gəlməkdir. N. Paşinyan bilir ki, Moskva iki ölkə arasında sülh müqaviləsinin bağlanmasınının əleyhinədir və Qarabağ problemini gündəmdə saxlamaqla onu hakimiyyətdən devirməyi planlayır. Məhz Rusiyanın təşkil etdiyi Xankəndində keçirilən etiraz aksiyaları N.Paşinyanın siyasətinə qarşıdır".
Politoloq hesab edir ki, Kremlin bütün cəhdlərinə baxmayaraq Azərbaycan və Ermənistan Brüssel formatına üstünlük verə bilər.
"Rusiya batan gəmidir, batan gəmiyə nə Ermənistan, nə də Azərbaycan minəcək. Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda bir araya gələ bilərlər. Rusiya prezidenti "Valday" klubundakı çıxışda açıq şəkildə Azərbaycanın deyil, Ermənistanın müttəfiq olduğunu elan etdi. Bu həm də müttəfiqliyi özündə əks etdirən Moskva Bəyannaməsinin də Kreml tərəfindən heçə sayıldığına işarədir".
Politoloq Azər Qasımov Soçi görüşündən gözləntilər barədə danışan zaman vurğuladı ki, Rusiya Azərbaycanla olan müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannaməyə görə Azərbaycan ərazisində separatizmin hər formada baş qaldırmasına, Azərbaycan ərazisinin şübhə altına alınmasına imkan verməməli və şərat yaratmamalıdır.
Azər Qasımov
"Göründüyü kimi Rusiya bu gün Xankəndidə erməni toplumunun mitinq keçirməsinə mane yox, şərait yaradıb, müttəfiqlik qarşılıqlı fəaliyyət bəyannaməsinin 7-ci 11-ci, 17-ci, 18-ci maddələrini kobud şəkildə pozaraq, bu bəndlərdə riayət etməli olduğu şərtlərə əməl etməmişdir. Azərbaycan dövləti təcili şəkildə Rusiyanın bu öhdəliklərini nota şəklində rəsmi Moskvaya bildirib etiraz etməlidir. Əgər Qarabağın erməni toplumunun Azərbaycan dövləti ilə hər hansı problemi, tələbi varsa və Rusiya bu münasibətlərə qarışmağın onun işi olmadığını hesab edirsə, onda bunun Azərbaycan qanunvericiliyi çərçivəsində həll edilməsinə şərait yaratmalı, bunu açıq şəkildə bəyan etməlidir".
A.Qasımov onu da qeyd etdi ki, Azərbaycan öz ərazisindəki ermənilərlə danışıq aparmaq üçün addımlar atmalıdır.
Gülbəniz Hüseynli / Metbuat.az