Peşə hazırlığı sahəsində Almaniya təcrübəsi tətbiq ediləcək -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin nümayəndələri Almaniya Federativ Respublikasında işgüzar səfərdə olub.

Metbuat.az-a Nazirlikdən verilən məlumata görə, məqsəd peşə hazırlığının təşkilində uğurlu təcrübələrin öyrənilməsi, görülən işlərin səmərəliliyinin artırılması və peşə hazırlığı üzrə gələcək əməkdaşlıq münasibətlərinin formalaşdırılmasıdır.

Səfər çərçivəsində nümayəndə heyəti UNESCO-UNEVOC şəbəkəsinin “Uğurlu və ədalətli keçid üçün texniki və peşə təhsili və təliminin (TVET) transformasiyası” mövzusunda Beynəlxalq Konfransda iştirak edib.

Konfransda, həmçinin alman peşə təhsili modeli olan dual (ikili) peşə təhsili, iqtisadi və sosial inkişafa töhfə verən peşə təhsilinin önəmi haqqında iştirakçı ölkələrə təqdimatlar edilib və müxtəlif ölkələrin peşə sahəsində fəaliyyət göstərən qurumları ilə təcrübə mübadiləsi aparılıb. UNESCO-UNEVOC-un peşə hazırlığı istiqaməti ilə bağlı 2022-2029-cu illər üzrə yeni strategiyası, son illərdə dünyada baş verən proseslərin peşə hazırlığı sisteminə təsiri, yeni yanaşmalar və dəyişikliklər ilə bağlı da geniş müzakirələr aparılıb.

Səfər zamanı Almaniyanın Yaşlıların Təhsili üzrə Assosiasiyasının (DVV International) rəhbər şəxsləri ilə görüş də keçirilib. Görüşdə Assosiasiya tərəfindən hazırlanmış təlim-tədris proqramlarının Agentliyin Peşə Hazırlığı Mərkəzlərində istifadəsi, layihə və proqramlarda qarşılıqlı əməkdaşlığın qurulması barədə razılığa gəlinib.

Almaniyanın Köln şəhərində yerləşən Peşə hazırlığı Mərkəzləri və ICON-INSTITUTE nümayəndələri ilə görüşən Agentlik əməkdaşları peşə hazırlığı istiqamətində yerli təcrübə ilə tanış olub, qarşılıqlı fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR