"İranın dərdi Zəngəzur dəhlizidir" -

"İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan öz addım və qərarlarını qətiləşdirməlidir. İran Azərbaycan üçün digər qonşu ölkələrə bənzəməz, o, həddən artıq təhlükəli ölkədir".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov deyib. O hesab edir ki, bu məsələ televiziyalarda İran əleyhinə çıxışlar edib, sonra unudulması mümkün olmayan məsələdir.

"Bu, əgər hansısa xırda siyasət üçündürsə, onda məsələni çox uzatmağın yeri yoxdur, yox, əgər İranla əlaqələrin soyuması, nəticədə müəyyən məqsədlərin həyata keçirilməsinə hesablanmış geosiyasi ciddi və qəti fikirdirsə, Azərbaycan hər şəkildə təhlükəni gözə alıb, öz müttəfiqləri ilə konkret addımlar atmaq barədə düşünə bilər. Ümumilikdə 14 mindən çox insanın rəsmi şəkildə qətlinə fərman verilib. Onların arasında azərbaycanlılar da az deyildir. Təhlükələri və itkiləri gözə alacayıqsa, bunun məqbul səbəbi və nəticəsi olmalıdır. İran, Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün Ermənistan ərazisinə daxil olaraq öz ordusunu bunun qarşısını almaq üçün hazırlayır. Onların verdikləri bəyanatlar da buna işarə edir".

Azər Qasımov hesab edir ki, İranın Azərbaycan ərazisinə Araz çayı üzərindən daxil olmasında heç bir məntiq yoxdur.

"Heç də fikirləşməyin ki, İran o qədər başını itirib ki, nəinki Azərbaycana, eləcə də, digər ətraf ölkələrə hücum etsin, xüsusən də, indiki ölkədaxili və geosiyasi şəraitdə. İranın dərdi Zəngəzur dəhlizi ərazisidir. Dəhlizin açılması gec-tez İranın sonu olacaq. İran hər dəfə bəyan edir ki, sərhəd dəyişməsi onların qırmızı xəttidir, amma burada sərhəd dəyişməsindən söhbət belə getmir. Əgər bu baş verərsə, İranın tranzit hüququnun qorunacağı şübhəsizdir. Amma İranın dərdi başqadır. İran tranzit yolla nə ixrac edirdisə, yenə də ixrac edəcək, lakin buna nəzarət artacaq. İranı qorxudan da budur"- deyə A. Qasımov qeyd edib.

Politoloq Məhəmməd Əsədullazadə isə düşünür ki, İranın Azərbaycana qarşı siyasətinin təməlində düşmənçilik yeni deyil və bundan sonrada daima davam edəcək.

"İran Azərbaycan ərazilərinin böyük bir hissəsini işğalda saxlayır, 40 milyon azərbaycanlının bütün təməl hüquqlarını pozur. Azərbaycan Respublikasının inkişafı İran rejimi fars millətçiləri üçün qorxulu yuxudur. Din, məzhəb adı altında ölkəmizdə terrorizm fəaliyyətini davam etdirəcək. Ona görə də İranda dini təhsil alanlara qanunla qadağan olunmalıdır.

Cənubi Azərbaycan bizim üçün strateji xətt olmalıdır. Oradakı soydaşlarımıza yüksək səviyyədə dəstəyi davam etdirməliyik. İran Azərbaycan əlaqələri bundan sonra hamar olmayacaq. Bu düşmənçiliyi İran ortaya qoydu".

İranın Ermənistana dəstək verməsinə gəldikdə isə M. Əsədullazadə bildirdi ki, Yerevan Tehrana yaxın perspektivdə arxa çevirəcək. Ekspert qeyd etdi ki, İrana qarşı Qərbin sanksiyaları genişlənir. Qərb Ermənistana İranla layihələrdən çəkinməyi tələb edəcək. Zəngəzur dəhlizi bizim üçün nə qədər önəmlidirsə, Cənubi Azərbaycan ondan daha önəmlidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR