İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Möhsün Rzai ABŞ-nin Tehranın irəli sürdüyü 7 şərtdən bəzilərini qəbul etdiyini bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. Rzai ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən aldadıldığını və bunun nəticəsində tarixdəki ən ağılsız müharibələrdən birinə başladığını iddia edib. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını yenidən açmağa nail olmadıqdan sonra qaçaqmalçılığa əl atıb.

“ABŞ ordusu heç vaxt bu qədər utancverici vəziyyətə düşməmişdi”, - deyə iranlı rəsmi bildirib.

Rzai müharibənin başa çatdırılması üçün İranın irəli sürdüyü şərtlərin bir qisminin Vaşinqton tərəfindən qəbul edildiyini vurğulayıb. O, ABŞ-nin cavabını yetərsiz hesab etdiklərini qeyd edib. Möhsün Rzainin sözlərinə görə, İran diplomatiyasını dəyişib və əvvəlki vəziyyətə qayıdış olmayacaq.